Ekspeditoru vurub 70 min manatını alan şəxs saxlanıldı - MİNGƏÇEVİRDƏ

Mingəçevir şəhərində şirkətlərdən birinə məxsus 70 min manat pulu oğurlayan şəxs tutulub. Bildirilir ki, hadisə bu ilin aprel ayının 30-da baş verib. Şirkət nümayəndəsi Elçin Abdullayev DİN-in “102 Zəng Mərkəzi Xidməti”nə müraciət edərək tanımadığı iki nəfərin ona qarşı zor tətbiq etməklə içərisində pul olan çantanı aldıqlarını bildirib.

APA TV-nin yerli bürosunun məlumatına görə, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalar zamanı məlum olub ki, həmin iki nəfər ekspeditor işləyən E.Abdullayevi evinin girişində küt alətlə vurduqdan sonra şirkətə məxsus 70 min manat pul olan çantanı əlindən alaraq aradan çıxıblar.

DİN-in Baş Cinayət Axtarış İdarəsi və Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən biri – Mingəçevir şəhər sakini Kənan Vəliyev saxlanılıb. Onun yaşadığı evdən 16 min manata yaxın pul, 1 ədəd beşbarmaq və 2 ədəd bıçaq aşkar edilərək maddi sübut kimi götürülüb.

Digər şəxsin tutularaq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla əlaqədar cinayət işi başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv