Qəzzada ölü sayının artması Ərdoğanı hiddətləndirdi - SƏFİRLƏRİ GERİ ÇAĞIRDI
Qəzza zolağında fələstinli etirazçılarla İsrail hərbçiləri arasında baş verən toqquşmalarda ölənlərin sayı 59 nəfərə çatıb. 2700-dən çox insan isə xəsarət alıb. APA TV-nin "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstinin Səhiyyə nazirliyi məlumat yayıb.
“İsrail əsgərlərinin Qəzza zolağı ilə sərhəddə aksiyaçılara odlu silahdan açdığı atəş nəticəsində ölənlər arasında azyaşlılar da var”, - məlumatda belə deyilir.
İsrail müdafiə ordusunun məlumatına görə, ötən gün Qəzza zolağında keçirilən etiraz aksiyalarında 35 min nəfər iştirak edib.
Bu arada, Türkiyə Qəzza zolağında baş verən hadisələrlə əlaqədar İsrail və ABŞ-dakı səfirlərini geri çağırıb. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. O, bu gündən etibarən ölkədə 3 günlük matəm elan edildiyini bildirib.
Ərdoğan həmçinin bir sıra dünya liderləri, o cümlədən Fələstinin rəhbəri Mahmud Abbas və BMT Baş katibi Antoniu Guterreş ilə danışıqlar aparıb.
Türkiyə prezidenti İslam Əməkdaşlıq Təşkilatının fövqəladə toplantısının çağırılmasının zəruriliyini vurğulayıb.