Müharibə ehtimalı, böhran, sanksiyalar: neftə tələbat artır - KƏSKİN BAHALAŞMA
Gün ərzində "Brent" markalı neftin bir bareli 2 dollara qədər bahalaşaraq 78 dolları keçib.
APA TV-nin məlumatına görə, bu markadan olan neft hazırda 78,25 dolara satılır. Qərbi Texas nefti isə 50 sent bahalaşaraq hazırda 70,94 dollara satılır. İki marka arasında fərq 7 dolları keçib. Buna səbəb Yaxın Şərqdə baş verən müharibə və böhranlar, İrana tətbiq olunan və artırılması gözlənilən sanksiyalardır.
OPEC-in gündəlik xam neft istehsalı mart ayından bu yana 12 min barel artaraq 930 min, qlobal neft tədarükü gündəlik 120 min barel artaraq 97 milyon 890 min, karteldən kənar neft istehsalı isə artaraq 66 milyon barelə çatıb.
İstehsalı artıran ölkələr arasında İran da var. Ancaq qarşıdakı aylarda bu ölkənin istehsalında azalma olacağı güman olunur. Çünki ABŞ nüvə razılaşmasından çıxıb və İrana sanksiyaları artıracağını elan edib.
Əsas məsələ isə beynəlxalq səviyyədə neftə tələbatın artmasıdır. OPEC-in təxminlərinə görə, gündəlik tələbat 98 milyon 850 min barelə çatıb.
Neftə tələbatın artması, böhran və müharibələr, sanksiyalar böyük ehtimalla qiymətlərə müsbət təsir edəcək.