Astarada çəltik əkənlər bir sıra problemlərlə üzləşib
Astarada əl əməyi ilə çəltik əkininə başlanılıb. Bu il də fermerlərin üzləşdiyi bir sıra çətinliklər var.
APA TV-nin cənub bürosunun xəbərinə görə, Astarada çəltik əkini şitil əkmək yolu ilə həyata keçirilir.
Texnikanın azlığı səbəbindən sahədə demək olar ki, işin böyük bir hissəsi əl əməyi ilə görülür. Bu da daha çox zəhmətin sərf olunmasına və işlərin ləngiməsinə səbəb olur. Fermer Nurlan Quliyev deyir ki, ötən il bol məhsul götürən əkinçilər satış problemi ilə də rastlaşıb: "Düyüləri mövsümdə əkirik. Bizim qədər becərən yoxdur. Həm texnika cəhətdən korluq çəkirik, həm də satmaq tərəfdən korluq çəkirik. Qalır, qurd salır, zay olur. O qədərini yemək olmur. Texnika barəsində çətinliklər var, traktorlar azdır. İki ədəd traktor var, çatışmır. Növbəyə qalanlar çoxdur. Traktor olsa, yaxşı olacaq".
Çəltiyin əkinindən biçininə qədər təsərrüfatçıların üzləşdiyi problemlər bununla bitmir. Kənd sakinlərinin əksəriyyəti əkin zamanı bir qayda olaraq haşimi sortundan istifadə edir. Bu toxumu da İrandan gətirməyə üstünlük verən fermerlər çətinliklərlə üzləşirlər. Fermer Mehman Quliyev bildirir ki, biçin texnikasının da azlığı məhsulun keyfiyyətli biçilməməsinə səbəb olur: "Sağlam toxumu mən İrandan gətirirəm. Arzu edirəm ki, Azərbaycan Respublikasından alım. Yəni belə bir təsərrüfat yaradılsın ki, insanlar gedib oradan toxum ala bilsinlər. Biçin vaxtı kombayn olmur. Gec gəlirlər, yaxşı məhsulu biçə bilmirlər. Buna dair texnika olsa hər kim becərə bilər".
Astara Rayon Kənd Təsərrüfatı İdarəsinin rəis əvəzi Etibar Abbasov yaranan problemlərdən xəbərdar olduğunu bildirib. O, qeyd edib ki, ötən il 447.5 hektar sahədə çəltik əkilib. Bu il isə bu rəqəmin 600 hektara çatdırılması nəzərdə tutulsa da, satışda yaranan problem sahələrin artırılmasına mane olur: "Yaxşı olar ki, dövlət tərəfindən tədarük məntəqələri, qəbul məntəqələri olsun ki, əhali də rahat sata bilsin. Daxili bazara satılır, o da tam qane etmir. Ona görə də qalır. Toxumla bağlı bizim problemimiz yoxdur. Bəs qədər bizim yerli fermerlər toxum istehsal ediblər. Onlardan toxum ala bilərlər".
İdarənin rəis əvəzi texnika problemindən də danışıb: "Zona üzrə "Lənkəran Aqroservis"in xidmətindən istifadə edirik. Müxtəlif növ texnikalar gətirilib. Əgər onlar "Lənkəran Aqroservis"ə verilsə, ordan rahat istifadə edərlər. Bu texnikalar hələ ora gətirilməyib deyə problem yaşayırıq".
Qeyd edək ki, Astarada çəltik əkən fermerlər ötən il hər hektardan 4 ton məhsul götürüblər.