Xaricdə təhsil almaq istəyənlərin sayı niyə artır? - ARAŞDIRMA

Kimi yaşamaq üçün gedir xaricə, kimi də oxumağa. Hazırkı dövrdə texnologiyanın sürətli inkişafı, informasiyanın bolluğu və əlçatarlığı şərait yaradır ki, hər il xeyli sayda azərbaycanlı gənc xaricdə oxumaq imkanlarından yararlansın. Əsasən də  magistratura təhsili üzrə oxumaq istəyənlər arasında öz təhsillərini xaricdə davam etdirmək arzusunda olanlar  çoxluq təşkil edir. Maraqlıdır ki, bu statistika ildən-ilə artmaqdadır.

 

23 yaşlı Bəhruz Səmədov da belə gənclərdən biridir. İxtisasca dilçi olan Bəhruz Moskva Dövlət Universitetinin Bakı filialını bitirib. Həmin universitetin magistraturasının son kursundadır. Bəhruz bu il Mərkəzi Avropa Universitetinin beynəlxalq münasibətlər fakültəsindən təqaüd qazanıb. İkinci dəfə magistratura təhsili almaq üçün Macarıstana getməyə hazırlaşır: "Oranın verdiyi təhsil səviyyəcə daha yüksəkdir. Bu universitet beynəlxalq reytinqlərə daxildir və akademik azadlıqlar daha çoxdur. Əsas buna görə mən istədiyim mövzu ilə bağlı araşdırma apara bilərəm, heç bir müdaxiləsiz".

 

Bəhruzun fikrincə, gənclərin xaricdə təhsil almaq istəklərinə əsas səbəb xaricdə karyera qurmaq imkanlarının daha çox olması ilə bağlıdır: "Xaricə üz tutmaqlarında bir neçə məqsəd var. Onlardan ən əsası, xaricdə təhsilin dadını görməkdir. Fikir versəniz, əsasən magistratura təhsilində xaricə gedirlər. Çünki burdakı təhsili artıq görür və xaricdəki təhsil metodlarını da öz üzərində sınamaq istəyirlər.  Başqa bir səbəb isə odur ki, onlar xaricdə təhsildən sonra daha yüksək iş imkanları tapa biləcəklər. Əsasən də Avropada".

 

Bəhruzun özü isə Avropada təhsil aldıqdan sonra vətənə qayıtmağı və Azərbaycan cəmiyyətinə fayda verməyi düşünür.

 

Gənclərimiz Avropa ölkələrindən daha çox qardaş ölkəyə - Türkiyəyə üz tuturlar. Səbəbi isə odur ki, Türkiyədə oxumaq həm mənəvi, həm də maddi baxımdan daha münasibdir. Təhsil şirkətlərindən birinin rəhbəri Rövşən Əbdülhəsənov bildirir ki, xaricə üz tutan gənclər yalnız təhsil arxasınca getmirlər, onlar həm də gözəl həyat axtarışındadırlar: "4-5 il bundan qabaq tələbələr daha çox iqtisadiyyat, turizm, işlətmə sahələrinə yönəlirdilər. Təbii ki, bunlar bizə lazımlı sahələrdir. Amma son illərdə müşahidə olunur ki, gənclər arasında texnologiya, mühəndislik sahələrində daha çox istək var. Bu gün əgər 4-5 tələbə müraciət edirsə, onlardan ən azından ikisi kompüter mühəndisi, inşaat mühəndisi, makina mühəndisi olmaq istəyir. İnanıram ki, bu, ölkəmizin gələcəyi üçün çox böyük ümid vəd edir".

 

Təhsil eksperti Məlahət Mürşüdlü isə deyir ki, işsizlik ehtimalı səbəbindən çox vaxt xaricdə təhsil alan gənclər ölkəyə qayıtmır. Hətta bəzən təhsilini başa vurub qayıtmış gənc də bir müddət sonra yenidən xaricə üz tutur: "Məsələn, gənclər var ki, 3-4 dil bilir, ya Londonda, ya da Hacıtəppə Universitetində mükəmməl təhsil alıblar. Ancaq yerli şirkətlərə, dövlət strukturlarına az meyl göstərirlər. Əmək haqqının az olması ilə bağlı".

 

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" bir çox gəncin xaric ölkələrin universitetlərində oxumağına imkan yaradırdı. Lakin üç ildir ki, bu proqramın fəaliyyəti dayandırılıb. Ekspert hesab edir ki, bu proqram yenidən davam etdirilməlidir: "Bu proqramın davam etdirilməsi bu gün də çox vacibdir. Düşünürəm ki, hökumət  gənclərin xaricdə təhsil ala bilməsinin, yenidən Azərbaycana qayıtmasının bir proqramını işləməlidir. Çünki təhsil strateji sahədir. Ölkənin bütün sahələri, siyasi, iqtisadi, sosial inkişafı təhsillə bağlıdır".

 

Əlbəttə ki, xaricdə təhsil almaq böyük üstünlükdür. Amma xaricdə təhsilə ölkədən getmək yolu kimi baxmaq da doğru deyil. Daha yaxşı olardı ki, təhsillərini başa vurmuş gənclərimiz  qazandıqları bilikləri xaricdə yox, Azərbaycanda tətbiq etmək istəsinlər. Elə müsahibimiz Bəhruzun da dediyi kimi, axı onlar Azərbaycan vətəndaş cəmiyyətinin üzvləridir.

Müəllif | Apa.Tv
Apa.tv