Dünya İsrailə etiraz edir - VAŞİNQTON VƏ TƏL-ƏVİVDƏN CAVABLAR
Qüdsdə ABŞ səfirliyinin açılışı və Qəzzada baş verənlərlə əlaqədar rəsmi Təl-Əvivə dünyanın bir sıra ölkələri etirazlarını bildirib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Kreml sözçüsü Dmitriy Peskov verdiyi açıqlamada paytaxtın Təl-Əvivdən Qüdsə köçürülməsini bölgədəki iğtişaşları daha da artıracağını qeyd edib və bununla bağlı narahatlıqlarını gizlətməyib.
Fransa prezidenti Emmanuel Makron da hadisələrə münasibət bildirib. Fələstin lideri Mahmud Abbas və İordaniya kralı II Abdullah ilə telefon danışığı apardığını qeyd edən E.Makron Qəzzada sivil vətəndaşların öldürülməsinin yolverilməz olduğunu deyib.
İran parlamenti də Qəzzada baş verənlərə və Qüdsdə səfirliyin açılmasına qəti şəkildə etirazını bildirib. Səhər saatlarında toplanan İran məclisi 209 səslə Qüdsü Fələstinin paytaxtı elan edib.
Afrika Birliyi və Ərəb Liqası ölkələri də Qəzzada baş verən hadisələri pisləyib. Səudiyyə Ərəbistanı, Qətər və Bəhreyn İsraildən sivillərə atəşin dərhal dayandırılmasını tələb edir. Cənubi Afrika isə İsraildəki səfirini geri çağırıb.
Fələstin rəhbəri Mahmud Abbas isə İsrail hərbçiləri ilə qarşıdurmada ölən fələstinlilərin xatirəsinə üç günlük matəm elan edib.
Öz növbəsində BMT Qəzzada təhlkükəsiz zonanın yaradılmasını tələb edib və bölgədə hücumların dayandırılmasını istəyir. Qəzzada baş verən hadisələrlə bağlı BMT TŞ-nın bu gün növbədənkənar iclası keçiriləcək.
Ağ Ev isə Qəzzada baş verənlərin dünyadakı sabitliyə təsir etməyəcəyi barədə bəyanat yayıb.
"Qəzza zolağında nümayişçilərin dağıdılması dövlətin sərhədlərini qorumaq üçün tədbirdir".
Bu sözləri isə İsrailin baş naziri Benyamin Netanyahu özünün "Twitter" səhifəsində yazıb: "Hər bir ölkə öz sərhədlərini qorumalıdır. HƏMAS İsrailin məhv edilməsi və minlərlə insanı öldürmək niyyətində olduğunu bəyan edir. Biz suverenliyimizi və vətəndaşlarımızı qorumaq üçün qətiyyətlə hərəkət etməyə davam edəcəyik".