İran üzünü Avropaya tutdu - NÜVƏ RAZILAŞMASI MÜZAKİRƏ EDİLƏCƏK
İran Avropa İttifaqı ilə nüvə proqramını müzakirə edəcək
Brüsseldə Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Federika Moqerini, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, həmçinin Almaniya, Fransa və Böyük Britaniya XİN rəhbərlərinin görüşü olacaq.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, tərəflər İranın nüvə proqramına dair əldə olunmuş razılaşma ətrafında müzakirələr aparacaq.
F.Moqerini və dörd ölkə nazirləri həmçinin ABŞ prezidenti Donald Trampın İranın nüvə proqramı ilə bağlı razılaşmaya dair son bəyanatlarını müzakirə etməyi planlaşdırır.
Qeyd edək ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif mayın 13-də Çinin paytaxtı Pekində, bir gün sonra isə Moskvada Hərtərəfli Birgə Fəaliyyət Planı ətrafında müzakirələr aparıb.
Avropa İttifaqı Komissiyası sözçüsü Maja Kocijançiç isə məqsədin mövcud razılaşmanı qorumaq olduğunu bildirib. "Bu razılaşma gələcək fəaliyyətə təməl ola bilər" - deyə, o qeyd edib.
"12 illik gərgin diplomatik mübarizə nəticəsində əldə olunan bir razılaşmamız var. İran nüvə razılaşmasına sadiq qaldığı müddətdə onun davam etdirilməsinin tərəfdarıyıq".