Aeroportda ilk "ASAN Viza"nı Yaponiya vətəndaşı aldı - YENİLİK

Mayın 15-dən etibarən Heydər Əliyev Beynəlxalq Hava Limanında əcnəbilərə vizaların verilməsinə başlanılıb.


APA TV-nin məlumatına görə, sözügedən sistem vasitəsilə Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran və İsrail də daxil olmaqla, ümumilikdə 15 ölkənin vətəndaşı vizanı birbaşa havalimanında, "ASAN Viza" özünəxidmət terminallarından istifadə etməklə ala biləcək.

 

Bu terminallar xüsusi təyinatlı ümümvətəndaş pasportu oxuyucuları, elektron ödəmələr üçün POS-terminallar və nəğd ödəmələr üçün əskinaz qəbulediciləri ilə təmin edilib.

Vizaların rəsmiləşdirilməsi prosesi "ASAN Viza" portalı vasitəsilə həyata keçiriləcək. Bu portal 7 dildə fəaliyyət göstərir.

 

Əcnəbi vətəndaşlar üçün vizaların rəsmiləşdirilməsi 2 dəqiqə ərzində avtomatik rejimdə həyata keçiriləcək.

 

Beləliklə, sistemin tətbiqi ilə ilk dəfə ölkəmizə səfərə gələn Yaponiya vətəndaşına "ASAN Viza" portalından istifadə olunmaqla viza və "ASAN Xidmət"in hədiyyəsi təqdim olunub.

 

Sistem vasitəsilə viza alan ilk əcnəbi, Yaponiya vətəndaşı Yoko Hala No "ASAN Viza" sisteminin fəaliyyətindən razı qaldığını bildirib:

 

"Bu, çox sürətli bir sistemdir. Mən olduqca təəccübləndim. Bu sistem barədə əvvəlcədən məlumatım yox idi. Belə sistem başqa ölkələrdə yoxdur".

 

"ASAN Xidmət"in sədri Ülvi Mehdiyev jurnalistlərə bildirib ki, 2017-ci ilin yanvarından etibarən 430 mindən çox əcnəbi "ASAN Viza"nın xidmətlərindən istifadə edib.

 

Qurumun rəhbəri həmçinin xarici ölkələrə səfər etmək istəyən Azərbaycan vətəndaşları üçün də hələlik "ASAN Viza-2" adı verilən sistemin tətbiqi üçün iş görüldüyünü vurğulayıb:

 

"Texniki cəhətdən proses tam sürətlə gedir, amma biz həm də səfirliklərlə danışıqlar aparırıq ki, səfirlikləri də prosesə inteqrasiya edək. Amma bu tam olaraq bizdən asılı məsələ deyil. Biz danışıqlar aparırıq ki, Avropa ölkələrinin səfirlikləri bu sistemə qoşulsun. Necə ki əcnəbilər bizə çox rahat gəlir, bizim də vətəndaşlarımız viza almaq üçün sənədlərin qəbulunu tam elektron, sadə və asan yolla göndərə bilsinlər. Bu istiqamətdə iş gedir".

 

Ü. Mehdiyev qeyd edib ki, yeni sistem qarşıdakı bir ay ərzində Gəncə, Qəbələ, Lənkəran və digər beynəlxalq havalimanlarında da tətbiq olunacaq.

 

Qeyd olunub ki, xidmətin  işində texniki problemlərin operativ həlli üçün növbətçilik əsasında 24 saatlıq iş rejimində çalışacaq texniki və inzibati heyət formalaşdırılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv