Elnur Aslanov: "ERMƏNİSTAN GÜCLƏNƏN AZƏRBAYCANIN QARŞISINDA DAYANA BİLMƏYƏCƏK"

“Bu günə qədər "ASAN Xidmət” mərkəzlərinə 880 min insan müraciət edərək müxtəlif dövlət orqanlarının xidmətlərindən yararlanıb".

APA TV-nin xəbərinə görə, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib ki, gələn ilin fevral-mart aylarınadək Bakıda daha bir ASAN Xidmət mərkəzi açılacaq: “2014 - cü il ərzində çalışacağıq ki, regionlarda "ASAN Xidmət"inin açılışına nail olaq. "ASAN Xidmət" mərkəzlərinin olmadığı rayonlarda isə səyyar avtobuslar fəaliyyət göstərir. Xidmətin olmadığı 37 rayonda mobil avtobus işləyib, 60 mindən çox insana xidmət göstərib”.

 

Prezident administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı Şöbəsinin müdiri Elnur Aslanov isə bildirib ki, son illər dövlət qulluğuna qəbul olanların sayında gənclər üstünlük təşkil edir. İnternet məkanında erməni lobbisinin iflic etməyin vacibliyinə toxunan Elnur Aslanov bildirib ki, indidən post-konflikt dövrünə də hazır olmalıyıq: "Gec-tez bu münaqişə həllini tapacaq, başqa cür ola da bilməz. Getdikcə güclənən Azərbaycanın qarşısında Ermənistan, onun arxalandığı qüvvələr uzun müddət dayana bilməyəcək. Artıq bu reallıqdır ki, Ermənistan sürətlə boşalır. Ermənilər yoxsulluqdan Cənubi Qafqazı tərk edirlər, başqa ölkələrə qaçırlar”.

 

Azərbaycana qarşı şəbəkə müharibəsinin aparıldığını deyən Elnur Aslanov qeyd edib ki, hazırda sosial şəbəkələrdə intellektual diskussiya boşluğu var.

O qeyd edib ki, Erməni lobbisinin təxribatçı fəaliyyət dairəsini hər bir imkandan istifadə edərək daraltmaq, onları ifşa, etdikləri əməllərə görə peşman etmək lazımdır.

Müəllif | Apa.Tv