Qadının əl-ayağını bağlayıb, evi soydular - KRİMİNAL

Ucarda quldurluq edən əmi və qardaşı oğlu tutulub. Ucar rayon Polis Şöbəsindən APA TV-nin yerli bürosuna verilən məlumata görə, martın 17-də rayonun Müsüslü kənd sakini Maral Bayramovanın (ad şərtidir) evinə basqın edilib. Qadın evdə tək olarkən  iki naməlum maskalı şəxs içəri daxil olaraq şərflə onun əl-ayağını bağlayıb, sonra 1000 manat dəyərində qızıl-zinət əşyaları və 41 manat pulunu götürərək evi tərk ediblər.

Ucar rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri zəruri əməliyyat-axtarış tədbirləri nəticəsində zərərçəkənin həmkəndliləri Rəcəb Elxan oğlu Hüseynov və onun qardaşı oğlu Anar Habil oğlu Hüseynov tutularaq istintaqa təhvil veriliblər. İlkin dindirmə zamanı hər iki saxlanılan şəxs əməllərini etiraf edib və hadisə yerində istifadə olunan şərf maddi sübut kimi götürülüb.

Faktla bağlı Ucar rayon Polis Şöbəsində cinayət işi başlanıb, saxlanılan şəxslər barədə Ucar rayon məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Müəllif | Apa.Tv
Apa.tv