Bakıda Beynəlxalq Hərbi Cərrahlar Cəmiyyətinin konqresi keçirilir
Bakıda Dövlət Sərhəd Xidmətinin təşkilatçılığı ilə Ambruaz Pare adına Beynəlxalq Hərbi Cərrahlar Cəmiyyətinin 30-cu yubiley görüşünün və 1-ci Konqresinin açılış mərasimi keçirilib. Dövlət Sərhəd Xidmətindən APA TV-yə verilən məlumata görə, konqres iştirakçıları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq allim, akademik Zərifə xanım Əliyevanın əziz xatirələrini hörmətlə yad edib, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların məzarlarını ziyarət ediblər.
Tədbirin açılış mərasimində çıxış edən Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov dövlət başçısının salamlarını konqres iştirakçılarına çatdırıb, ərazimizin 20 faizinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunması barədə məlumat verib, hazırda Ermənistanın danışıqlarda qeyri-konstruktiv mövqe göstərməsi və torpaqlarımızı hələ də işğal altında saxlaması səbəbindən sülhə nail olmağın mümkün olmamasını qeyd edib.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan üçün hərbi cərrahiyyənin inkişafının əhəmiyyətini xüsusi vurğulayıb və bu istiqamətdə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib. Daha sonra Amerika Birləşmiş Ştatlarının Milli Hərbi-Tibbi Mərkəzinin cərrahiyyə departamentinin professoru Mark Bouer, Ümumdünya Cərrahiyyə Cəmiyyətinin Baş Katibi professor Kenneth Boffard, DSX Hərbi Hospitalının rəisi, Ambruaz Pare adına Beynəlxalq Hərbi Cərrahlar Forumunun Prezidenti tibb xidməti polkovnik-leytenantı Kənan Yusifzadə çıxış ediblər.
21 ölkədən 156 iştirakçının qatıldığı beynəlxalq tədbir 4 gün davam edəcək.