Səlim Müslümov: "Yeni qurum yaradılacaq"
Respublikada əmək bazarının keyfiyyətinin yüksəldilməsi sahəsində institusional bazanın təkmilləşdirilməsi üçün Əmək Ehtiyatlarının İnkişafı Agentliyi yaradılacaq. APA TV-nin xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov bildirib ki, bununla bağlı ilkin layihələr yaxın günlərdə hökümətə təqdim olunacaq. Nazir qeyd edib ki, peşə fəaliyyəti milli standartların yaradılmasını zəruri edir: "Konkret bir peşə üzrə işə götürənin tələbləri, işçinin yerinə yetirməli olduğu işlər müəyyənləşməlidir. İşçi o işi yerinə yetirməyə qadirdir, yoxsa yox? Bu varsa, deməli standart ona cavab verir".
Nazir bildirib ki, standartların tətbiq olunması insanların öz yerini tapması üçün, onlara olan tələbatın müəyyənləşdirməsi üçün vacib rol oynayacaq: "Əlinizdə belə bir sənəd varsa, avtomobil yuyucusu peşəsinə yiyələnibsinizsə, sizin bu peşənin standatrlarını bilməyinizi sertfikat təsdiq edibsə, göstərəcəyiniz xidmət məlumdur".
"Kadr hazırlığı və əmək məhsuldarlığının yüksəldilməsində peşə standartlarının rolu" mövzusunda Bakıda keçirilən konfransda çıxış edən nazir bildirib ki, 3 il ərzində 200-ə yaxın standart qəbul edilib.
Həmin standartlar Dünya Bankı ilə birlikdə hazırlanıb. Konfransda Azərbaycandakı iri şirkət rəhbərləri öz təcrübələrini bölüşüblər.