Ceyhun Bayramov: "9506 elmi-pedaqoji işçinin arasında 30 yaşa kimi elmlər doktoru yoxdur"

"Elmi-pedaqoji kadrların yaş həddi narahatlıq yaradır".

APA TV-nin xəbərinə görə, təhsil nazirinin müavini Ceyhun Bayramov doktorantların və gənc tədqiqatçıların XVIII respublika elmi konfransında deyib ki, elmlər doktorlarının və elmlər namizədlərinin yaş hədləri dünya elmi ilə müqayisədə Azərbaycan elmində təhlükəli həddə çatıb. O bildirib ki, statistik rəqəmlərin təhlili maraqlı nəticələri ortaya çıxarıb: "Keçən il Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində çalışan 9506 elmi-pedaqoji işçinin arasında 30 yaşa kimi elmlər doktoru olmayıb, fəlsəfə doktorlarının sayı isə cəmi 46 nəfər (0,48%) olub".

 

Nazir müavini qeyd edib ki, respublikada 30 041 nəfər elmi və elmi-pedaqoji kadr çalışır. Ölkədə 1918 nəfər elmlər doktoru, 8976 nəfər fəlsəfə doktoru-elmlər namizədi var. C.Bayramov bildirib ki, hazırda doktorantura səviyyəsində qanunvericiliyin təkmilləşdirilməsi üzərində ciddi iş aparılır.

 

Nazir müavini vurğulayıb ki, son illər Azərbaycan elmi nümayəndələrinin beynəlxalq jurnallarda nəşr edilən məqalələrin sayı artıb. 2009-cu ildə 159, 2010-cu ildə 229, 2011-ci ildə 242, 2012-ci ildə 322 məqalə beynəlxalq jurnallarda dərc edilib.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova