Bakıda beynəlxalq kənd təsərrüfatı sərgisi başlayıb

Bakıda  24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2018" və 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro 2018" sərgisinə start verilib.

 

APA TV-nin xəbərinə görə, sərginin açılışında çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, son illər Azərbaycanda qeyri-neft sektorunun inkişafına diqqət yetirilir.

 

O vurğulayıb ki, aqrar sahə yeni bir mərhələyə qədəm qoyub: "Bu cür sərgilər yerli fermerlərlə xarici şirkətlər, o cümlədən Azərbaycanda istehsalla məşğul olan aqrar sənaye nümayəndələri arasında sıx əlaqələrin yaranmasına gətirib çıxarır, onlar arasında işgüzar münasibətlərin daha da təkmilləşməsi ilə nəticələnir. Sonda əlbəttə ki, bu, aqrar sahənin ümumi inkişafına çox böyük təsir göstərəcək".

 

Daha sonra nazir sərgidəki stendlərlə tanış olub.

 

Ötən il ilə müqayisədə bu il sərgilərdə həm iştirakçıların sayı, həm də ekspozisiya sahəsi baxımından 12% artım var. İlk dəfə olaraq sərgidə Qida Təhlükəsizliyi Agentliyi və "ABAD" mərkəzi də iştirak edir.

 

Sərgidə dünyanın 34 ölkəsindən 402 şirkət iştirak edir və bu şirkətlərin 70%-ni xarici, 30%-ni isə yerli istehsalçı və distribütorlar təşkil edir. Bu il sərgilərdə dünyanın 10 ölkəsini təmsil edən 11 milli və regional qrup iştirak edir.

 

“WorldFood Azerbaijan" sərgisində isə dünyanın 20 ölkəsini təmsil edən 207 şirkət geniş məhsul seçimi təqdim edir. Belarus, İtaliya, Latviya, Türkiyə, Yunanıstan və Şri-Lanka milli stendlərlə iştirak edirlər. Sərgidəki debütantların sayı tədbir iştirakçılarının 35%-ni təşkil edir.

 

Sərgi Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dəstəklənir. Bakı Ekspo Mərkəzinin iki zalı ilə yanaşı, xarici meydançasında keçirilən və mayın 18-dək davam edəcək sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər.

Müəllif | Apa.Tv
Apa.tv