ABŞ-ın ehtiyatları azalır, neftin qiyməti 80 dollara yaxınlaşır
Birləşmiş Ştatların kommersiya neft ehtiyatlarının proqnozlaşdırılan həcmdən çox azalması “qara qızılı” bahalaşdırıb.
APA TV-nin xəbərinə görə, son 52 həftə ərzində ilk dəfə olaraq “Brent” markalı neftin qiyməti 79,48 dollara qalxıb.
Qiymətlər ABŞ Energetika Nazirliyinin həftəlik rəsmi hesabatından sonra bahalaşıb. Hesabata əsasən, ötən həftə ərzində ölkənin kommersiya neft ehtiyatlarının həcmi 1,4 milyon barel azalaraq 432,4 milyon barelə düşüb. Bundan başqa Birləşmiş Ştatlarda benzin ehtiyatlarının da həcmi 3,79 milyon barel azalıb. Bu rəqəmlər bazarda neftə tələbatın artacağını göstərir.
Qərbi Texas nefti də illik rekordu yeniləyib. Son bir il ərzində WTİ markalı neftin bir bareli ilk dəfə olaraq 71,92 dollardan satılıb. İki marka arasında qiymət fərqi isə ilk dəfə olaraq 8 dollara çatmaqdadır. Qiymət fərqi neftin bahalaşmasında geosiyasi amillərin əsas rol oynadığını göstərir ki, bu amillər arasında ilk yeri İrana neft embarqosunun tətbiqi ehtimalıdır.
Sabah ABŞ-da hasilata cəlb olunan buruqların sayına dair hesabat açıqlanacaq. Bu hesabat birjalarda həftənin son ticarət sessiyasında qiymətlərin formalaşmasına təsir edəcək əsas amillərdən biridir.