"ASAN Xidmət" və Dövlət Miqrasiya Xidməti arasında memorandum imzalanıb
"ASAN Xidmət" və Dövlət Miqrasiya Xidməti arasında memorandum imzalanıb.
APA TV-nin xəbərinə görə, memorandumu Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov arasında imzalanıb.
Memoranduma əsasən, artıq əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı Dövlət Miqrasiya Xidmətinin regional miqrasiya idarələri ilə paralel olaraq Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən "ASAN Xidmət" mərkəzlərində də həyata keçiriləcək.
Dövlət Miqrasiya Xidməti ölkədə 10 gündən artıq müvəqqəti olan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı müraciətlərin "ASAN Xidmət" mərkəzlərində qəbulunun həyata keçirilməsini təmin etmək, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi isə nəzərdə tutulan xidmətin innovasiyaların tətbiqi və yüksək standartlar əsasında həyata keçirilməsi üçün əlverişli şərait yaratmaq öhdəliyi götürüblər.
Qeyd edək ki, qeydiyyatla bağlı tələb olunan sənədlər ərizə, anket forması və xarici pasportların surətidir.
Tədbirdən sonra jurnalistlərə açıqlama verən DMX rəisi Vüsal Hüseynov əcnəbilərin həm də elektron qaydada bu xidmətdən istifadə edə biləcəyini vurğulayıb: "Ölkəmizdə gündəlik olaraq 1500 əcnəbi olduğu yer üzrə qeydiyyata düşmək üçün miqrasiya xidmətinə müraciət edir. Elektron qaydalarla yanaşı, "ASAN Xidmət" mərkəzlərində fəaliyyət göstərən könüllülər də anket formasının doldurulmasında vətəndaşlara köməklik göstərəcəklər".
Vətəndaşların şikayətlərinin təhlil edildiyini və eyni zamanda aparılan araşdırmalarda müəyyən istiqamətlər təyin edildiyini bildirən Vüsal Hüseynov xidmətdə bilik və bacarıqlı kadrlarla işləməyə üstünlük verəcəklərini vurğulayıb.