Məleykə Abbaszadə: "Tibb Universitetində yerlər azalıb"
"I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələri keçən ilkilərlə eynidir". APA TV-nin məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bir neçə gün öncə keçirilən imtahanlarla bağlı nəticələri şərh edərkən deyib.
O bildirib ki, müsabiqədə hər iki imtahanda iştirak edən abituriyentin ən yüksək nəticəsi nəzərə alınır. Eyni zamanda yaz imtahanı ilə yay imtahanı arasında orta hesabla 20 faiz irəliləyiş olur: “Bəlkə də bu il bir qədər də fərqli ola bilər. Keçən il biz abituriyentlərə imkan yaratdıq ki, bir qrupda iki dəfə imtahan versinlər. İndi bütün abituriyentlərin yazda başqa, yayda isə başqa qrupda imtahan vermək şansı var”.
Məleykə Abbaszadə qeyd edib ki, bakalavriat səviyyəsində qəbul planında 2303 yer, yəni təxminən beş faiz artım olub. Hər bir qrupda artım müxtəlifdir, amma azalma yoxdur. I qrupda 4%, II qrupda 3,5%, III qrupda 9%, IV qrupda 3%, V qrupda 8% artım olub: “Dövlət sifarişli yerlər 32 yer, təxminən 1,3 faiz artıb. Bu o demək deyil ki, hər bir ali məktəbdə artım olub. Tibb Universitetində yerlər azalıb. Müəyyən universitetlərdə yeni ixtisaslar var”.
DİM sədri beynəlxalq olimpiada qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilməsi ilə bağlı da açıqlama verib: “Qanunvericilikdə müəyyən dəyişikliklər nəzərdə tutulub. O dəyişikliklərə biz də imza atmışıq. Statistikanı araşdırmışıq. Fənn olimpiadalarının qalibləri qəbul imtahanlarında yüksək nəticələr göstərirlər. Bunu nəzərə alaraq, dəyişikliklərə müsbət yanaşırıq”.
Bu il tələbə qəbulu üçün 45159 yer ayrılıb. Bəzi ixtisaslar üzrə 200, bəzi ixtisaslar üzrə isə 150 baldan yuxarı nəticə göstərənlər ali məktəblərə qəbul oluna biləcəklər.