Alpinistlər dəfn olundu
Ötən gün meyitləri tapılan alpinistlər bu gün torpağa tapşırılıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, onlardan Fəridə Zəbiyulla qızı Cəbrayılzadənin nəşi dəfn olunmaq üçün Masallı rayonuna gətirilib.
Mərhumun nəşini ailə üzvləri, kənd sakinləri və ictimaiyyət nümayəndələri qarşılayıb. Daha sonra Fəridə Cəbrayılzadə rayonun Şərəfə kəndində torpağa tapşırılıb.
Alpinistlərdən biri Namin Bünyatzadənin meyiti Şəmkir rayonuna gətirilib. Şəmkirin Yeni Həyat kəndində mərhumun əmisinin evində vida mərasimi keçirilib. Daha sonra N.Bünyatzadə Çinarlı kənd qəbiristanlığında dəfn olunub.
İtkin düşən alpinistlərdən Babur Hüseynov isə Astaranın Giləkəran qəbiristanlığında dəfn olunub.
Xatırladaq ki, "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxaraq geri qayıtmamışdılar. Alpinistlərin meyitləri mayın 16-da axşam saatlarında tapılıb.