Hərb Tarixi Muzeyində Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub

Bu gün Azərbaycan Hərb Tarixi Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş "Əsrin böyük səadəti - Azərbaycan Xalq Cümhuriyyəti" adlı tədbir-sərgi keçirilib.

 

APA TV-nin xəbərinə görə, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri açıq elan muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə bildirib ki, Azərbaycan qədim və dərin dövlətçilik tarixinə sahibdir.

 

Onun sözlərinə görə, Azərbaycan öz tarixinin hər bir dönəmində fəxr edə biləcəyimiz dövlətə və dövlətçilik ənənəsinə malik olub: "Ulu Öndər Heydər Əliyevin də qeyd etdiyi kimi, XX əsrin sonunda ikinci dəfə müstəqil olmaq şansı əldə edən Azərbaycanın qurduğu dövlət 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir".

 

Tədbirdə həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin yüzilliyinə həsr olunmuş "Milli dövlətçilik tariximizə diqqət və ehtiram" adlı qısametrajlı film nümayiş olunub.

 

Tədbirin bədii hissəsi Azərbaycanın əməkdar rəssamı Əşrəf Heybətovun Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş rəsm sərgisinin nümayişi ilə davam etdirilib.

 

 

Müəllif | Apa.Tv
Nigar Həsənli