Tramp: "Kim Çen Inı Qəddafinin aqibəti gözləyir"

"Vaşinqtonla Pxenyan arasında razılaşma əldə olunmazsa, KXDR-də "Liviya ssenarisi" mümkündür".

APA TV-nin verdiyi xəbərə görə, bunu jurnalistlərlə görüşündə ABŞ prezidenti Donald Tramp bildirib.

"Əgər siz Qəddafinin başına gələnlərə nəzər salırsınızsa, bu bir məhvetmə əməliyyatı idi. Biz orada olmaq üçün getmişdik. Həmin ssenari razılıq əldə olunmayacağı halda yenə özünə yer edəcək. Ancaq əgər ortaq məxrəcə gələ bilsək, Kim Çen In çox razı qalacaq", — D.Tramp belə deyib.

Bununla yanaşı, ABŞ prezidentinin əvvəlki kimi Şimali Koreya lideri ilə görüşməyə hazır olduğu açıqlanıb. Bu barədə Ağ Ev nümayəndəsi Sara Sanders açıqlama verib və hazırlığın davam etdiyini deyib.

Onun sözlərinə görə, D.Tramp ABŞ-KXDR sammitindən əvvəl Cənubi Koreya prezidenti Mun Çje İnlə görüşəcək.

Qeyd edək ki,  ABŞ və KXDR liderlərinin görüşünün iyunun 12-də Sinqapurda keçiriləcəyi gözlənilir. KXDR bir neçə gün əvvəl ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlər keçirməsi səbəbindən görüşdən imtina edəcəyi ilə hədələyib.

Rəsmi Vaşinqton isə Cənubi Koreya ilə birgə keçirilən təlimlərin davam etdiriləcəyini, onların miqyasının və cədvəlinin hətta sammit öncəsi belə dəyişməz qalacağını bəyan edib.

Müəllif | Apa.Tv
Apa.tv