"AzeriLight"ın qiyməti 81 dolları keçdi - NEFT BAZARINDA FONTAN
Sutka ərzində neftin qiymətləri yeni rekordlar müəyyənləşdirib.
APA TV-nin məlumatına görə, "Brent" markalı neft 2014-cü ilin sonundan ilk dəfə 80 dolları keçib. Bu marka 80,44 dollara qədər bahalaşdıqdan sonra yenidən 79,53 dollara düşüb. Bu ötən gün səhər saatlarında qeydə alınan qiymətlərlə eynidir.
Qərbi Texas nefti də 4 illik rekordu yeniləyib. Gün ərzində WTI markası 72 dollar həddini keçərək yenidən ucuzlaşıb. Hazırda qiymətlər 71,64 dollar civarındadır.
Azərbaycan nefti isə 2 dollardan çox bahalaşıb. Ötən gün "AzeriLight" brendinin 1 bareli 81,03 dollardan satılıb.
Bahalaşmanın səbəbləri müxtəlifdir. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) qiymətlərdəki son artımın geosiyasi səbəblərdən baş verdiyini, bazardakı qeyri-sabitlikdən narahatlıqlarını bildiriblər. Beynəlxalq Enerji Agentliyi isə OPEC və qeyri-kartel ölkələrinin ehtiyatları azaltmaq siyasəti nəticəsində anbarlarda saxlanan ehtiyat neftin artığının aradan qalxdığını açıqlayıb. Bununla yanaşı qeyd olunan agentlik yüksək qiymətlərin istehlakı azaldacağı barədə xəbərdarlıq da edib.
Qiymətlərə müsbət təsir edən digər amil Yəməndə və Suriyada müharibənin davam etməsi, ABŞ-ın İranla imzalanan nüvə razılaşmasından çıxması və bu ölkəyə sanksiyaların artırılacağının gözlənilməsidir. OPEC üzvü olan Venesuelada da gərginlik davam edir.
Kartel üzvləri isə istehsalı azaltmaqla qiymətləri bahalaşdırma siyasətini davam etdirəcəklərini vurğulayır.
Digər tərəfdən, ABŞ Energetika Nazirliyinin həftəlik rəsmi hesabatına görə, ötən həftə ərzində ölkənin kommersiya neft ehtiyatlarının həcmi 1,4 milyon barel azalaraq 432,4 milyon barelə düşüb. Bundan başqa Birləşmiş Ştatlarda benzin ehtiyatlarının da həcmi 3,79 milyon barel azalıb.