Ağ Ev rəhbəri: "Çin illərlə dələduzluq edib, buna görə də ərköyünləşib"

"Çin və Avropa Birliyi (AB) ölkələri ərköyünləşiblər". APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu bəyanatı ABŞ prezidenti Donald Tramp verib.


Çinlə idxal-ixrac vergiləri barədə danışıqların davam etdiyini deyən Tramp bu danışıqların uğurla sona çatacağına şübhə etdiyini deyib. "Onlar ABŞ-dan ürəkləri istəyən hər bir şeyi artıqlaması ilə əldə ediblər. Ona görə də ərköyünləşiblər. Belə halların davam etməsinə icazə verməyəcəyik".

AB, Yaponiya, Cənubi Koreya və digər ölkələrin uzun illərdir ABŞ-dan külli miqdarda maliyyə vəsaiti toplamasını qeyd edən D.Tramp ABŞ üçün ticarətin həmişə birtərəfli yol olduğunu diqqətə çatdırıb: "ABŞ Çin tərəfindən illərdir dələduzluğa məruz qalır. Buna görə Çini günahlandırmıram, günahlar bizim əvvəlki liderlərimizdədir".

Ağ Ev rəhbəri Çinə tətbiq edəcəyi vergilərin artırılacağını vurğulayıb.

 

Bu arada Çin ABŞ-a iqtisadi müharibədə 200 milyard dollar güzəştə getməklə bağlı təklif verib. Çinin bu təklifi ABŞ-la ticarətdə defisiti azaltmaq üçün nəzərdə tutulub. D.Tramp bu təklifi qəbul edərsə, dövriyyədən "Boeing" korporasiyası ən çox gəlir əldə etmiş şirkət olacaq. Həmçinin Çin qida məhsullarına ümumilikdə 4 milyard dollarlıq tariflər təklif edir.

 

Daha öncə isə Çin böhrandan və iqtisadi anlaşılmazlıqdan qaçmaq üçün ABŞ-dan idxal olunan malların həcmini artırmaq niyyətində idi.

Qeyd edək ki, ABŞ və Çin arasında ticarət dövriyyəsinin həcmi 347 milyard dollar təşkil edir.

Müəllif | Apa.Tv
Hikmət Zeynallı