Biləsuvarda qohumunun evini soyanlar tutuldu
Biləsuvarda mənzildən 4650 manat və 500 ABŞ dolları, həmçinin müxtəlif qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıb.
APA TV-nin cənub bürosunun məlumatına görə, Biləsuvar Rayon Polis Şöbəsinə rayon ərazisindəki evlərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.
Polis əməkdaşları tərəfindən başlanan əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların Biləsuvar rayon sakinləri - ev sahibinin qohumu, əvvəllər məhkum olunmuş Azər Quliyev və tanışı Ramiz Talıblı olduqları məlum olub.
Törətdikləri cinayət əməlini etiraf edən saxlanılan şəxslər həmin qızılları Bakı şəhərindəki lombardlardan birinə verərək pul götürdüklərini bildiriblər.
Aparılan araşdırmalardan sonra Azər Quliyevin daha bir cinayət əməlinin də üstü açılıb. Onun rayonun Bağbanlar kəndindəki başqa bir evdən 700 manat dəyərində məişət əşyaları oğurladığı da polis əməkdaşları tərəfindən müəyyən edilib.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.