Cənub bölgəsində 4 azyaşlı xəstəxanaya yerləşdirildi - QAN PARÇALANIR
Cənub bölgəsində 4 azyaşlı qan parçalanması səbəbi ilə xəstəxanaya yerləşdirilib.
APA TV-nin cənub bürosunun xəbərinə görə, onlardan biri Masallı, üçü isə Lənkəran rayon sakinləridir.
Masallı rayon sakini, 6 yaşlı Mustafa Mahir oğlu Əliyev, Lənkəran şəhər sakini, 6 yaşlı Əli Vüsal oğlu Axundov, Lənkəranın Yuxarı Nüvədi kənd sakini, 6 yaşlı Zeynəb Xanbaba qızı Əlizadə və Separadi kənd sakini, 3 yaşlı Cəfərsadiq Tofiq oğlu Məmmədov vəziyyətlərinin pisləşməsi ilə əlaqədar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Uşaq şöbəsinə yerləşdirilən azyaşlılar həkimlər tərəfindən müayinə olunduqdan sonra onlara favizm - qanın parçalanması diaqnozu qoyulub. Azyaşlılara qan köçürülməsi ehtiyacı yaranıb, onlara qan vurulub. İlkin məlumata görə, bu hal paxladan hazırlanmış qida qəbul etdikdən sonra baş verib.
Həkim Zaur Kərimli bildirib ki, hazırda uşaqların müalicəsi xəstəxanada davam etdirilir, onlara lazımi yardımlar göstərilir. Vəziyyətləri isə orta-ağır qiymətləndirilir: "Dərinin saralması, gözün saralması, sidiyin rənginin dəyişməsi əlamətləri ilə daxil olublar. Hazırda müayinələr aparılır, mayelər köçürülür, yardımlar olunur".
Bir neçə gün əvvəl daha iki uşaq eyni vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının uşaq şöbəsinə gətirilib. Onlardan biri müalicə olunduqdan sonra evə buraxılsa da, digəri ağır vəziyyətdə Bakıya - Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutuna göndərilib. Həkimlər valideynləri daha diqqətli olmağa çağırır: "Paxlalı bitkilərin, xüsusən də paxlanın uşaqlara verilməsi məsləhət görülmür. Vaxtında tədbir görülməsə, müayinələr, yardımlar olmasa, əlbəttə, qan azlığından, güclü qanaxmadan xəstənin həyatını itirməsi mümkündür".
Mütəxəssislər bildirib ki, favizm irsi defekt nəticəsində qanda parçalanma yaranması ilə müşahidə olunan xəstəlikdir. Bəzi qida məhsulları, xüsusilə paxlalıların qəbulu zamanı bu xəstələrin vəziyyəti pisləşir.