Prezident YAP-ın yeni inzibati binasının açılışında iştirak edib

Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) yeni inzibati binasının açılışı olub.

 

APA TV-nin məlumatına, prezident İlham Əliyev açılışda iştirak edib.

 

Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov dövlət başçısına görülən işlər barədə məlumat verib. Qeyd edilib ki, binanın inşasına 2016-cı ilin iyununda başlanıb, bu ilin mayında isə başa çatdırılıb. Tikinti işləri yüksək səviyyədə həyata keçirilib. Burada ən müasir avadanlıq quraşdırılıb. Yeni binanın ümumi sahəsi 11 min kvadratmetrdir. Partiyanın yeni binası indi paytaxtın müasir və memarlıq baxımından göz oxşayan ən yaraşıqlı binalarından biridir.

 

Dövlət başçısı yeni inzibati binanın rəmzi açılışını bildirən lenti kəsib.


Prezident İlham Əliyev YAP-ın qurucusu, ümummilli lider Heydər Əliyevin binanın foyesindəki abidəsinin önünə gül dəstəsi qoyub.

 

Yeni Azərbaycan Partiyasının yeni binasında Heydər Əliyev muzeyi yaradılıb. Prezident İlham Əliyev binada yaradılan şəraitlə yaxından tanış olub. Məlumat verilib ki, ümumilikdə inzibati bina 50 otaq, müşavirə, konfrans və akt zallarından ibarətdir. Hər mərtəbədə iş otaqları ilə yanaşı, kiçik müşavirə zalları da var. Konfrans zalı 100 yerlikdir. Buradakı 268 yerlik böyük akt zalında respublika əhəmiyyətli və partiyanın fəaliyyəti ilə bağlı müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. Binadakı bütün otaqlarda səmərəli fəaliyyət üçün hər cür şərait yaradılıb. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi də diqqətdə saxlanıb. Yeni Azərbaycan Partiyasının bütün rayon təşkilatları vahid kommunikasiya məkanında birləşdirilib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı