ETSN: Xaricdən ağac tingi alınmır
2008-ci ildən bu günədək respublikanın magistral avtomobil yollarının ətrafında 4443 hektar ərazidə 5 milyon 439 min 580 ədəd müxtəlif cinsli ağac əkilib.
APA TV-nin məlumatına görə, bunu bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu Açıq Səhmdar Cəmiyyətinin sədri Ramik Əşrəfov deyib: “Yaşıllıq ərazilərinin təxminən 2 min hektardan çoxu zeytun bağlarıdır. Kompakt salınmış bağlarda Türkiyədən gətirilmiş 1 milyon 300 min ədəddən çox yüksək keyfiyyətli zeytun sortları yetişdirilir. 2016-2017-ci illərdə çox körpə olmasına baxmayaraq, ilk məhsulu götürmüşük. Məhsulun 60 tondan çoxu emal müəssisələrinə verilib, qalan hissəsi, yəni 30 tonu toxum məqsədilə istifadə olunub”.
Ramik Əşrəfov əlavə edib ki, 2013-cü ilə kimi Türkiyə, İtaliya, İspaniyadan yeni sort daha məhsuldar zeytun tingləri gətirilib. Lakin bu o demək deyil ki, yerli Abşeron sortlarına tələbat azdır. Yerli sortların yetişdirilməsinə də xüsusi diqqət yetirilir.
Qurum rəsmisi həmçinin son il ərzində xaricdən ağac tingi alınmadığını qeyd edib. 2018-ci ilin 4 ayı ərzində 35 hektarda 16 min 500 ədəd zeytun, badam, nar və tut ağacları olmaqlar yeni aqrobağlar salınıb.
Mətbuat konfransında Xəzər Suyunun Duzsuzlaşdırılması Kompleksi barədə də məlumat verilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və Təbiəti Mühafizə Siyasəti şöbəsinin müdiri Rasim Səttar-zadə bildirib ki, kompleksə daxil olan ərazidə 4 hektarlıq tinglik salınıb, 1 milyondan çox müxtəlif cinsli əkin materialları yetişdirilir. İstehsal olunan sudan yaşıllıqların və kompleksin tərkibindəki tinglik sahələrinin suvarılmasında istifadə olunur.