Bakıda kabel oğurlayan rabitə işçiləri yaxalandı
Xəzər rayonu ərazisində rabitə kabellərini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyətinin Xəzər Telefon Qovşağına məxsus 250 metr uzunluğunda kabel xəttinin oğurlanması barədə rayon polis idarəsinə məlumat daxil olub. Hadisə nəticəsində MMC-yə ümumilikdə 6931 manat maddi ziyan dəyib.
Xəzər RPİ-nin müstəntiqi Ruslan Məmmədov bildirib ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həmin cinayət hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri İlham Rzayev və Anar Rəsuloğlu saxlanılıb”.
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər oğurladıqları kabelləri mis halında 670 manata satıblar. Qeyd edək ki, A.Rəsuloğlu və İ.Rzayev rabitə işçiləridir. Bu səbəbdən onlar rabitə kabellərinin keçdiyi ərazi haqqında məlumatlı olublar: “Anar Rəsuloğlu Nizami telefon qovşağının əməkdaşıdır, İlham Rzayev isə Xətai telefon qovşağının əməkdaşı olub və 3 ay əvvəl işdən çıxıb”.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılanların digər cinayətlərdə iştirakları da istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətinə və ya Xəzər Rayon Polis İdarəsinə müraciət edə bilərlər.