Mağazaya basqın edib iki işçini başından vurdu - ÖMRÜNÜN TƏN YARISI HƏBSDƏ KEÇİB
Şirvanda mağazaya quldur basqını edərək iki nəfəri ağır yaralayan şəxs Bakıda saxlanılıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, aprelin 22-də saat 19.00 radələrində Şirvan şəhəri T.İsmayılov küçəsində yerləşən “OBA” marketə daxil olaraq 2 işçinin baş nahiyəsinə içində araq dolu şüşə qabla xəsarət yetirilməsi barədə polis şöbəsinə məlumat daxil olub.
Məlum olub ki, mağazaya quldur basqını edən şəxs satıcıdan pul verməsini tələb edib. Səs-küy yarandığından istəyinə nail ola bilməyən basqınçı və mağazanın qarşısında pusquda duran digər şəxs aradan çıxıblar.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və qısa müddətdə cinayətin şəhər sakini, əvvəllər 3 dəfə oğurluq üstündə 20 il həbsdə olmuş 1978-ci il təvəllüdlü Vaqif Eldar oğlu Şirinov tərəfindən törədilməsi müəyyən edilib.
Görülmüş tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinən V.Şirinov Qaradağ rayonu ərazisində Əlahiddə Çevik Polis Alayının və Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Şirvan ŞPŞ-yə təhvil verilib. Məlum olub ki, Vaqif Şirinov barəsində digər polis şöbələrində də cinayət materialları mövcuddur. Adı çəkilən şəxs oğurluq əməllərini əsasən zərif cinsin nümayəndələrinə qarşı törədir. Quldur basqınında iştirak edən Mirfərrux adlı şəxsin axtarışları isə davam etdirilir.
Qeyd edək ki, marketə pul əldə etmək məqsədilə daxil olan şəxs orada çalışan satıcı-nəzarətçi, 1994-cü il təvəllüdlü Mehdiyev Fərid Fərhad oğlunun və kassada əyləşən 1979-cu il təvəllüdlü Həmidova Aynurə Zabil qızının başına"butulka ilə zərbə endirib. Hər iki şəxs kəllə-beyin travması ilə Şirvan Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Daha ağır vəziyyətdə olan Fərid Mehdiyev sonradan Bakıya göndərilib.