Səməd Seyidov: "Sanksiyaya məruz qalmaqdan şərəf duyuram"
Milli Məclisin növbəti plenar iclası keçirilib. APA TV-nin məlumatına görə, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 10 məsələ daxil edilib.
Cari məsələlərin müzakirəsi zamanı AŞPA-nın Səməd Seyidovla bağlı qərarı tənqid olunub.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti daim ölkəmizin maraqlarını müdafiə edib: “Həmin nümayəndə heyətində olan insanlar peşəkardırlar. Deyirlər ki, Səməd Seyidovun korrupsiya əməlində iştirakı olmayıb. Amma sonra ona sanksiya tətbiq edilir. Bu, AŞPA-ya başucalığı gətirmir. Biz orada fəaliyyətimizi daha da əzmlə davam etdirməliyik”.
Parlamentin sədri Oqtay Əsədov Səməd Seyidov barəsində AŞPA-da sanksiya tətbiq edilməsi məsələsinə münasibət bildirib: “Azərbaycanın bəzi “vətənpərvərləri” bu məsələni əldə bayraq ediblər. Qəzetlər, saytlar bütün günü bundan yazırlar. Təbii ki, bu, ədalətsiz qərardır. Deyirlər ki, guya bu sanksiya ilkdir. Belə deyil, bir dəfə sanksiya qoyulmuşdu”.
O.Əsədov xatırladıb ki, AŞPA-nın bir qərarına əsasən, iki il Azərbaycanda heç bir tədbirin keçirilməməsi nəzərdə tutulmuşdu, amma 1 il sonra peşman oldular: “Qurumun iki alt komitəsinin iclası Bakıda keçirilməli idi. Maddi imkanları yox idi, xahiş etdilər ki, bəlkə iclası keçirək, mən də razılaşmadım, dedim ki, biz sanksiya tətbiq olunan müddətdə iclas keçirə bilmərik. Üç il sonra isə bütün komitə iclaslarını Azərbaycanda keçirdilər. Səməd Seyidova qarşı qərar ədalətsizdir, bunu hər kəs bilir. Səməd Seyidov bizim mübariz deputatımızdır, işini həmin qaydada davam etdirəcək”.
Deputat Fazil Mustafa AŞPA-ya etiraz bəyanatının göndərilməsini təklif edib. O, etiraz bəyanatının hazırlanmasının vacibliyinin vurğulayıb: “Bu sənəd AŞPA-nın iyunda keçirilən iclasında oxunmalı və paylanılmalıdır”.
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, burada söhbət Səməd Seyidovdan deyil, Azərbaycandan gedir: "AŞPA-da atılan addımlar Azərbaycana qarşı, ölkəmizin iqtisadi inkişafına qarşı yönəlib. Azərbaycanı gözü götürməyənlər ölkəmiz haqqında mənfi imic formalaşdırmaq istəyirlər".
Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ona qarşı qurumda tətbiq edilən sanksiyadan danışıb. O qeyd edib ki, nümayəndə heyətinin üzvləri birgə, planlı şəkildə fəaliyyət göstərməlidirlər: "Bir insan kimi mənim üçün bu ədalətsizliklə üzləşmək asan deyil. Çünki uzun illər Avropada, Avropa ölkələri ilə təmasda fəaliyyət göstərmişəm. İndi birlikdə işlədiyim yerdən sanksiya ilə üzləşmək mənim üçün asan deyil. Buna baxmayaraq, sanksiyaya məruz qalmaqdan şərəf duyuram. Çünki mən dövlətimin milli maraqları uğrunda fəaliyyətimə görə bununla üzləşmişəm".
Daha sonra Hesablama Palatası Milli Məclisə ötənilki fəaliyyəti ilə bağlı hesabat verib. Müzakirələrdən sonra hesabat qəbul edilib.