Siyavuş Novruzov: "Dinimiz buyurur ki, insanlardan malınızı əsirgəməyin, biz də əsirgəmirik"

"İslamda belə bir qayda var ki, bir insanı Allah yoluna çəkmək üçün öz imkanlarından varını xərcləyə bilərsən".

 

APA TV-nin məlumatına görə, bunu Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov barəsində AŞPA-da sanksiya tətbiq edilməsi məsələsinə münasibət bildirərkən deyib: “Mən Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədriyəm. Buna görə də deyə bilərəm ki, İslam dinində buyurulur ki, insanlardan malınızı, dövlətinizi əsirgəməyin. Biz də nə edirik ki? Əsirgəmirik. Hesab edirəm ki, bu istiqamətdə də işimizi davam etdirməli, ölkəmizin maraqlarını təmsil etməliyik. Azərbaycan hansısa lobbiçilik fəaliyyəti ilə məşğul olubsa, burada qəbahət olan nədir?”

 

O qeyd edib ki, lobbiçilik dünyada qanunla tənzimlənir: “Hansısa lobbiçilik işinin görülməsində qəbahət yoxdur. Məsələn, Amerikada lobbiçilik fəaliyyəti ilə bağlı xüsusi qanun var. İstənilən şəxs öz pulunu verərək lobbiçilik fəaliyyətini apara bilər. O baxımdan burada qanunsuzluq yoxdur. Biz də  buna uyğun olaraq fəaliyyət göstərmişik”.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı