DMX rəisi yerli və xarici iş adamları ilə görüşdü

Dövlət Miqrasiya Xidmətinin rəisi yerli və xarici iş adamları ilə görüşüb.

 

APA TV-nin xəbərinə görə, görüşün məqsədi Dövlət Miqrasiya Xidməti tərəfindən verilən iş icazələri, əmək miqrasiya kvotası barədə işə götürənlərə zəruri məlumatların çatdırılması, əcnəbi işçi qüvvəsinə tələbatın təmin edilməsi zamanı yaranan çətinliklərin, sahibkarları narahat edən məsələlərin və digər faydalı, işgüzar mövzuların müzakirəsi olub.

 

Tədbirdə çıxış edən DMX rəisi Vüsal Hüseynov iş icazələrinin verilməsi prosesini təkmilləşdirmək, şəffaflığı artırmaq və sahibkarların müraciətlərinə operativ baxılmanı təmin etmək məqsədilə Dövlət Miqrasiya Xidmətində iş icazələrinə baxılma üzrə birbaşa xidmət rəhbərinə müraciət imkanı təmin edən qaynar xətt yaradıldığını qeyd edib. Qaynar xətt vasitəsilə vətəndaşlar birbaşa olaraq xidmət rəisinə müraciət edə bilərlər.

 

O qeyd edib ki, respublikaya investisiya qoyan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan əcnəbilərin ölkədə olma və yaşamaları, həmçinin iş icazələri ilə bağlı məsələlər qanunvericilik baxımından kifayət qədər sadələşdirilib. “Dövlət Miqrasiya Xidməti bu sahə ilə bağlı mərkəzi icra hakimiyyəti orqanı kimi qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində işəgötürənlərin iş icazəsi ilə, əmək miqrasiyası kvotası ilə bağlı müraciətlərinə tam şəffaf şəkildə baxılmasını təmin edəcək" deyə Vüsal Hüseynov vurğulayıb.

 

V.Hüseynov deyib ki, həmçinin iş icazələrinin verilməsi ilə bağlı xidmət tərəfindən tətbiq edilən yeniliklər, tövsiyələr və qanunvericilikdə olan dəyişikliklər barədə sahibkarları məlumatlandırmaq üçün mütəmadi e-bülletenlər hazırlanaraq elektron qaydada sahibkarlara göndəriləcək.

 

Daha sonra DMX rəisi vətəndaşların müraciətlərini dinləyib, şikayətlərə baxıb və qeyd edib ki, verilən təkliflər və şikayətlər əsasında fəaliyyət planı hazırlanacaq.

Müəllif | Apa.Tv
Hikmət Zeynallı