Zaqatalada iki "Lada" toqquşub, 4 nəfər xəsarət alıb
Zaqatalada iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.
APA TV-nin Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 132-ci kilometrliyində, Zaqatala rayonunun Qazangül qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.
Balakən şəhər sakini, 1973-cü il təvəllüdlü Kazımov Telman Sabir oğlunun idarə etdiyi “VAZ 2109” markalı minik avtomobili ilə Zaqatala şəhər sakini Ərəbov Şaban Ərəb oğlunun idarə etdiyi “VAZ 2108” markalı avtomobil toqquşub. Qəzadan sonra "VAZ 2109" markalı avtomobildə olan sərnişin Balakən rayonunun Qazbinə kənd sakini, 1997-ci il təvəllüdlü Bayramova Arzu Rəcəb qızı, "VAZ 2108" markalı avtomobilin sürücüsü Ş.Ərəbov, onun avtomobilində olan sərnişinlər - Zaqatala rayonunun Yuxarı Tala kənd sakini, 1992-ci il təvəllüdlü Hacıyeva Nübar Camal qızı və Balakən rayonunun Qullar kənd sakini, 1983-cü il təvəllüdlü İsayeva Aynurə Təmraz qızı xəsarət alaraq Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb.
Yaralılardan A.Bayramova xəstəxananın reanimasiya şöbəsinə, Ş.Ərəbov isə cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyətləri hazırda orta-ağır qiymətləndirilir. Digər yaralılar N.Hacıyeva və A.İsayevanın vəziyyətləri yüngül olduğundan, onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Faktla bağlı BDYPİ-nin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.