Ombudsman: "Dövlət qurumları jurnalist və vətəndaşlara informasiya verməlidir"

"Dövlət qurumları və təşkilatları tək jurnalistlərə deyil, hər bir vətəndaşa informasiya verməlidir".

 

APA TV-nin xəbərinə görə, bunu Ombudsman Elmira Süleymanova Azərbaycan prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun keçirdiyi “İnformasiya əldə etmək hüququ və açıq cəmiyyət” mövzusunda konfransda çıxışı zamanı bildirib. İnformasiya ombudsmanı təsisatının yaradılması ilə bağlı Avropada təcrübələrin olduğunu deyən Elmira Süleymanova bildirib ki, Avropada bu təsisat ya ombudsman təsisatlarında bir şöbə, ya da ayrıca bir qurum kimi yaradılır: “Bəlkə də biz yeganə təsisatıq ki, ölkənin 58 rayonunun hər birində maarifləndirmə işləri aparırıq. Bu zaman insan hüquqları və informasiya ombudsmanı kimi vəzifələrimizi əsas götürürük".

 

Millət vəkili Fazil Mustafa beynəlxalq ekspertlərin Gürcüstan və Ermənistanla müqayisədə Azərbaycanda informasiya əldə etmək imkanlarını daha yüksək dəyərləndirdiyini deyib. Eyni zamanda qanunvericilikdə bir sıra dəyişikliklərə də ehtiyac duyulur.

 

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə isə deyib ki, vətəndaşlara elektron xidmətlər vahid bir portal - elektron hökumət portalı üzərindən təklif edilir. Hazırda elektron hökumət portalından istifadə edənlərin sayı 746 min nəfərə çatıb.

 

Azərbaycan prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu “İnformasiya əldə etmək hüququ və açıq cəmiyyət” mövzusunda konfrans keçirib.

 

 

Müəllif | Apa.Tv