Bərdənin fermer təsərrüfatlarında pulsuz peyvəndləmə prosesi aparılır

Bərdə Rayon Baytarlıq İdarəsi fərdi və fermer təsərrüfatlarında vaksinasiya prosesinə başlayıb. Proses çərçivəsində vətəndaşların şəxsi istifadəsində olan 90 min iribuynuzlu, 95 min isə xırda buynuzlu heyvanlarda bir sıra xəstəliklərə qarşı profilaktikası həyata keçirilir. Artıq heyvanların 90 faizi müxtəlif xəstəliklərə qarşı peyvənd olunub.

Sahə baytar həkimi Rafiq Qasımov prosesin artıq başa çatdığını deyir:

"Xırdabuynuzlu heyvanlarda çiçəyə qarşı peyvəndləmə apardıq, iribuynuzlu heyvanları isə modulyar dermatit xəstəliyinə qarşı peyvənd etdik. Bundan əvvəl netto spriyoz aparmışıq, heyvanlara qarayara vaksini, dabaq vaksini vurmuşuq. Peyvəndləmə demək olar ki, başa çatıb, indi çiçək xəstəliyinə qarşı peyvəndləmə aparırıq".

İkram Ziyadov rayonun Qazaxlar kəndində yaşayır. O deyir ki, dövlət hesabına aparılan profilaktik tədbirlər heyvanlarının sağlam qalmasına səbəb olur. Bu xidmətin pulsuz aparılması isə ümumiyyətlə fermerlərin büdcəsinə kifayət qədər xeyir verir.

"Qara yaraya qarşı peyvəndləmə aparırlar. Bundan başqa vaxtaşırı dezinfeksiya işləri aparılır. Belə olmasa milçək və başqa həşəratlar arta bilər. Vaxtında dezinfeksiya işləri aparıldığından heç bir həşərat yoxdur".

Sahibkar Rəsul Həsənovun sözlərinə görə, otlaq sahələrinə çıxan heyvanlara müxtəlif virusların keçməsi qaçınılmazdır. Lakin ilboyu aparılan profilaktik tədbirlər onun təsərrüfatının sağlam qalmasına və  heyvanların sayının çoxalmasına səbəb olub. Hazırda onun təsərrüfatında 500 başadək xırdabuynuzlu heyvan var.

"Təsərrüfatımızda 350 baş ana qoyun var, quzular var 270 başdır. Bunun hamısı tam tədbirdən çıxıb axırıncı tədbirimizi apardıq. Özümüz etsəydik, çox baha başa gələrdi. Həm də yararlı vaksin tapmazdıq. Bunlar tam soyuq şəkildə gətirib vaksin edirlər.  Çox yaxşı da  immunitet də qazanır".

Kənd Təsərrüfatı Nazirliyinin apardığı mütəmadi profilaktik tədbirlər nəticəsində rayon ərazisində epizootik vəziyyət sabitdir. Mütəxəssislər hesab edirlər ki, Bərdə rayonunun həm cəbhə xəttinə yaxın yerləşməsi həm də regionun ən böyük heyvan bazarının rayon ərazisində  olması, eyni zamanda rayon ərazisindən keçən çay vadilərində yırtıcı heyvanların çoxluq təşkil etməsi, istər fermerlərin, istərsə də baytar həkimlərin daha çox diqqətli olmasını tələb edir.

Müəllif | Apa.Tv
Ayşən Əhməd