Göyçayda qadın fermerin pomidor istixanası məhv edilib

Göyçay rayonunda naməlum şəxslər qadın fermerin pomidor istixanasını məhv ediblər. APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Şıxbəy kənd sakini Yazgül Şəfiyeva mülkiyyətində olan pay torpağında qurduğu istixananın qəsdən dağıdılması və üzərində məhsul olan pomidor şitillərinin kəsilməsi barədə Göyçay rayon Polis Şöbəsinə məlumat verib. Polis əməkdaşları hadisə yerinə baxış keçiriblər.

Yazgül Şəfiyeva APA TV-nin yerli bürosuna bildirib ki, uzun illərdir ailəsinə məxsus pay torpağında tərəvəzçiliklə məşğul olur. O, qohumundan borc aldığı pulla Bakıdan gətirdiyi 1600 ədəd pomidor şitilini bu ilin martında istixanada torpağa əkdiyini və çox əziyyət çəkərək onu becərdiyini bildirib. Bu günlərdə məhsul toplamağa başlayan qadın fermer gecə saatlarında naməlum şəxslər tərəfindən kəsici alətlə bütün şitillərin doğranılaraq tələf edilməsinin şahidi olub. Məhsulun tamamilə zay olduğunu və ona 8 min manatdan çox maddi ziyan vurulduğunu deyən Yazgül Şəfiyeva ötən il həyətindən meyvələrin oğurlandığını, məsələ ilə bağlı Göyçay rayon Polis Şöbəsinə müraciət etsə də, hadisəni törədən şəxslərin hələ də tapılmadığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Elvin Yaqubov