DSX-nın hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

 

Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra tədbir iştirak­çılarına Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı çatdırılıb.

 

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü ərəfəsində keçirilən andiçmə mərasimində çıxış edənlər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətlərini, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılmasını xüsusi qeyd ediblər.

 

Heydər Əliyevin 95 illik yubileyinin də sərhədçilər tərəfindən  xidmətdə qazanılan müsbət nailiyyətlər və yüksək əhval-ruhiyə ilə qarşılanması xüsusi vurğulanıb, Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminlik bildirilmiş və onlara müvəffəqiyyətlər arzulayıblar.

 

Tədbir gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı