Azay Quliyev: "Səməd Seyidovun istefasını düzgün hesab etmirəm"

"AŞPA-nın Səməd Seyidova qarşı tətbiq etdiyi sanksiya çox ədalətsizdir".

 

APA TV-nin məlumatına görə, bu fikirləri ATƏT Parlament Assambleyasının vitse-prezidenti, millət vəkili Azay Quliyev jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, hazırlanan hesabatda Səməd Seyidovun korrupsiya məsələsində rolunu sübut edəcək dəlil yoxdur və sənədin bütövlükdə ölkəmizə həsr edilməsi təəssüf hissi doğurur.

 

Azay Quliyev sözü gedən hesabatın ölkəmizin qurumdan çıxması ilə nəticələnəcəyi ehtimalına da toxunub:

 

"Mən hesab etmirəm ki, bu əsas verir ki, Azərbaycan Avropa Şurasından çıxsın. Çünki Azərbaycan Avropa Şurasının ən fəal üzvlərindəndir, Avropa Şurasının dəyərlərinə, prinsiplərinə daim hörmət edən və bu prinsipləri ali məqsəd kimi qarşısına qoyan ölkələrdən biridir. Ona görə də Azərbaycanın hər hansı bir dairələrin təzyiqi altında, istəyi ilə provokativ şəkildə öz qərarına yenidən baxmaq və Avropa Şurasından çıxmaq kimi niyyəti yoxdur".

 

O eyni zamanda Səməd Seyidovun qurumdakı nümayəəndə heyətinin rəhbəri vəzifəsindən istefası perspektivinə də toxunub:

 

"Bugünkü vəziyyətə görə mənəvi baxımdan Səməd Seyidovun hər hansı bir formada istefa verməsini düzgün hesab etmirəm. Ona görə ki, bu bütövlükdə qərəzli, ədalətsiz və haqsız bir qərardır. Amma siyasi baxımdan vəziyyət necə olacaq, buna yanaşma nədən ibarət olacaq, təbii ki bunu Səməd Seyidov və Azərbaycan rəhbərliyi müəyyənləşdirməlidir".

 

Azay Quliyev bildirib ki, bu məsələdə sonrakı qərar mövcud vəziyyətə uyğun formada veriləcək.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov