Qarabağ müharibəsi veteranının ailəsi kömək istəyir
Salyan sakini 1967-ci il təvəllüdlü Cəfərov İsmayıl Adil oğlu birinci Qarabağ müharibəsində Xocalı, Ağdam və Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak edib. 1994-cü ildə atəşkəs elan olunana qədər vuruşub. Döyüş yoldaşı Tərlan Ələkbərov deyir ki, Xocalıda Milli Qəhrəman Aqil Quliyevin dəstəsində vuruşan İsmayılla 1992-ci il iyunun 22-də Ağdamda tanış olub. Onun sözlərinə görə, komandiri Aqil Quliyev son anda onu məcburən helikopterə mindirib Xocalıdan yola salıb.
"Xocalı faciəsini gözü ilə görən İsmayıl acı xatirələrini dəfələrlə yoldaşları ilə bölüşüb. Mərdlik, vətənpərvərlik hissi aşıb-daşan İsmayıl 1993-cü ildə ordudan tərxis olub. Hər dəfə əsgər yoldaşları ilə görüşəndə düşməndən qisas alacağı günü gözlədiyini deyirdi. Tez-tez itirdiyi döyüş yoldaşlarını xatırlamaqla onları yad edirdi".
Milli Ordudan tərxis olan İsmayıl 1993-cü ildə dayısı qızı Arzu ilə ailə həyatı qurur. Bu nikahdan onların 3 övladı dünyaya gəlir. 2 qız və bir oğlan. Sumqayıt şəhərində yaşayan ailə bir müddət ata evində yaşadıqdan sonra kirayəyə çıxıblar. Ev növbəsinə durublar və 2012-ci ildə ailə böyük itki ilə üzləşib. İsmayıl qəfil dünyasını dəyişir. Bununla da hər şey bir an içərisində alt-üst olur. Ailə başsız qalmaqla yanaşı, evsiz də qalır. Hər şeyini itirən Arzu xanım 3 övladını da götürüb Salyan rayonuna, qardaşının Əlibəy Hüseynzadə, 10 ünvanında yerləşən evinə sığınır. Bacısına sahib çıxan qardaşı evləri darısqal olsa da, onu qəbul edib yuxarı başda əyləşdirir. Balaca, dar bir mənzildə 9 nəfər yaşayır. Hazırda İsmayılın dul qalmış həyat yoldaşı 45 yaşlı Arzu Cəfərova 3 övladı böyüdüb boya-başa çatdırmaq, analıq missiyasını yerinə yetirmək kimi ağır bir yol gedir. Vətən uğrunda döyüşən, hal-hazırda həyatda olmayan insanın ailəsi dövlət qayğısına möhtacdır.
Arzunun anası Fazilə xanım deyir ki, qızımın yoldaşı vətən uğrunda vuruşub.
"Müharibənin buraxdığı izlər onu 45 yaşında aramızdan apardı. Oğlu Heydər Əliyev adına Hərbi Akademiyada oxuyur. Qızı tibb liseyini bitirib, 15 yaşlı son beşik qızı isə əlildir, qıcolmadan əziyyət çəkir. Arzu Cəfərova vur-tut 150 manat təqaüd alır. Uşaqlara sərbəst yaşamaq, maddi vəsait lazımdır. Nə evləri var, nə də gəlir mənbələri. Nəvəm də qızım da işlə təmin olunsa, yaxşı olardı. Amma balalarıma ən başlıcası ev lazımdır. Kömək istəyirəm. Heç olmasa Sumqayıtda evə növbəyə durmuşdular. Növbənin aqibəti məlum deyil. Oradan ev versinlər. Salyandan da ev verə bilərlər, çoxlu boş evlər var. Kömək istəyirik ki, bu uşaqları bir yana çıxara bilək".
Qarabağ müharibəsi veteranının ailəsi ümidvardır ki, problemlərinin həllinə kömək edən tapılacaq.