Avropa Şurası Azərbaycanla ortaq proqram hazırlayıb

"Azərbaycanda qanunların qəbulu prosesində vətəndaş iştirakına dair Avropa Şurası ilə Azərbaycan arasında ortaq proqram hazırlanıb".

 

APA TV-nin məlumatına görə, bu fikirləri Avropa Şurası Bakı Ofisinin rəhbəri Zoltan Hernyeş "Qərarların qəbulu prosesində vətəndaş iştirakçılığı" konfransında bildirib.

 

Z. Hernyeş qeyd edib ki, sözü gedən proqram 2018-ci ilin avqustuna qədər həyata keçiriləcək:

 

"Avropa Şurasının ekspertləri tərəfindən işlənən sənəddə bir neçə prinsip var. Bunlar qanunvericilik, qərarların qəbulunda şəffaflığın təminatı və xüsusilə də qadınların bu prosesdə iştirakıdır. Daha əvvəl keçirilən dinləmələrdə Azərbaycan nümayəndə heyəti ölkədə islahatların keçirilməsinə ehtiyac olduğunu bildirib. Layihənin hazırlanmasında Avropa Şurası ilə Azərbaycanın ortaq dəyərləri nəzərə alınıb".

 

Avropa Şurası Demokratik İdarəçilik İnstitutunun rəhbəri Daniel Popesku isə qurumun əsas məqsədinin ölkəmizə qanunların qəbulunda vətəndaş iştirakının təminatı prosesində yardım göstərilməsi olduğuna diqqət çəkib.

 

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev isə vətəndaş iştirakının təminatı üçün yaradılan ictimai şuralardan danışıb:

 

"Bu qurumun əsas vəzifəsi ondan ibarətdir ki, həmin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qəbul etdiyi qərarın hazırlanması və onun həyata keçirilməsində iştirak etsinlər. Bu günə qədər bu istiqamətdə xeyli işlər görülüb".

 

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli isə vətəndaş iştirakçılığının demokratiyanın vacib göstəricilərindən biri olduğunu deyib.

 

"Artıq 4 ildir ki, parlament qanunvericiliyi, xüsusən də vacib qanunlar birmənalı şəkildə ictimai müzakirəyə çıxarılır və vətəndaş cəmiyyəti ilə müzakirə olunur. Bu baxımdan düşünürəm ki, bu dövr ərzində Azərbaycanın qeyri-hökumət təşkilatlarının nazirliklər və komitələrlə imzaladığı əməkdaşlıq memorandumu da ciddi əhəmiyyət kəsb edir".

 

Konfrans müzakirələrlə davam edib.

Müəllif | Apa.Tv
Fərid Rəsulov