Sahil Babayev: "Əlilliyin təyin olunmasında islahatlar aparmaq istəyirik"

"Əlilliyin təyin olunması ilə bağlı məsələləri araşdırırıq, bu sahədə islahatlar aparmaq istəyirik.

Həm qanunvericilik proseduru, həm də ümumilikdə bu prosesin sosial ədalətli olması baxımından islahatlara ehtiyac var". APA TV-nin məlumatına görə, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. O, qeyd edib ki, əlilliyin meyarlarına baxılmalı, beynəlxalq təcrübəyə uyğunlaşdırılmalı, ərizə-müraciətlərin təqdim olunma forması araşdırılmalı, bu sahə ilə məşğul olan müxtəlif dövlət orqanlarının işi əlaqələndirilməlidir.

 

"Prosesi tam şəffaflaşdırmaq, hər hansı ləngimə və ya administrativ-bürokratik maneə ilə üzləşməməsini təmin etmək istəyirik. İstəyirik ki, haqqı çatan hər bir şəxsin buna çıxışı olsun, haqqı çatmayanların isə qarşısı alınsın. Bu işlər sistemli şəkildə görüləcək. Bununla bağlı müvafiq komissiya yaradılıb. Həm Səhiyyə Nazirliyində, həm də nazirliyimizdə işçi qrupu yaradılıb. Bu iki işçi qrup birgə işləyərək kriterilər, normativ hüquqi baza və prosedura baxımından təkliflər hazırlayır".

 

Sahil Babayev bildirib ki, əsas prioritet nazirliyin göstərdiyi bütün xidmətlərdə şəffaflığın təmin olunması, süründürməçiliyə yol verilməməsi və sosial ədalətin təmin olunmasından ibarət olacaq. Onun sözlərinə görə, bu çərçivədə bütün istiqamətlər üzrə təkmilləşdirmə işləri aparılacaq, əhaliyə daha yaxşı xidmətin göstərilməsi üçün müvafiq tədbirlər görüləcək.

Müəllif | Apa.Tv
Almaz Qasımova