Sahil Babayev: "Son 15 ildə Azərbaycanda yoxsulluq səviyyəsi 44 faiz aşağı enib"
Bu gün kəndlərlə, şəhərlər arasında disbalans mövcuddur, bu gün dünyada milyonlarla insanın ibtidai təhsilə çıxışı məhduddur.
Bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Dayanıqlı İnkişaf Məqsədlərinə doğru: davamlı inkişafın və layiqli əməyin təbliği" mövzusunda konfransda deyib.
Nazir bildirib ki, son 15 ildə Azərbaycanda ÜDM 3,2 dəfə, əmək haqqı 5,2 dəfə artıb, yoxsulluq səviyyəsi 49%-dən 5%-ə enib.
"İşsizlik 5 faizə qədər azalıb. Bu dövr ərzində Azərbaycan iqtisadiyyatına 230 milyard dollardan artıq vəsait yatırılıb. Bu investisiyanın yarısı xarici investorların payına düşür. Azərbaycan hökumətinin əsas məqsədi ölkədə sosial təminatın yaxşılaşdırılması, Azərbaycanın demoqrafik inkişafının nəticəsində yeni iş yerlərinin yaradılmasıdır. Bundan başqa, əlillərin cəmiyyətə inteqrasiyası əsas məqsədlərimizdəndir".
Konfransında çıxış edən baş nazirin müavini Əli Əhmədov bildirib ki, son 15 ildə Azərbaycanda 1,9 milyon yeni iş yeri yaradılıb. O qeyd edib ki, bu, iqtisadi fəal əhalinin 40%-i deməkdir.
"Hər il Azərbaycanda əhalisi 1,1-1,2% artır. Bu da o deməkdir ki, Azərbaycanın əmək bazarına hər il 100 mindən çox yeni iş qüvvəsi daxil olur. Bu, Azərbaycanın mövcud imkanları və Azərbaycanın bütövlükdə əhalisi baxımından yanaşıldıqda kifayət qədər böyük rəqəmdir. Qarşımızda duran əsas hədəflərdən biri budur ki, hər il Azərbaycanda 100 mindən az olmayan iş yeri yaradılmalıdır ki, Azərbaycanda insanlarımızın əmək fəaliyyəti məşğulluğunun təmin edilməsi istiqamətində hökumətin qarşıya qoyduğu məqsədə nail olmaq mümkün olsun. Azərbaycanda əhalinin 45 faizdən çoxu kənd yerlərində yaşayır və kənd təsərrüfatı ilə məşğul əhali bütövlükdə böyük çəkiyə malikdir".
Baş nazirin müavinin sözlərinə görə, işğal səbəbindən torpaqlarımızın 20 faizi istifadə olunmur. Kənd təsərrüfatı torpaqlarından istifadə olunma əmsalı 1/5 qədər aşağı düşüb.
Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyev deyib ki, 2017-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əmək müfəttişləri tərəfindən əməyin mühafizəsi ilə bağlı 500-dən çox idarə və müəssisələrdə yoxlama aparılıb.
"Hazırda iş yerlərində mövcud çatışmazlıqların aradan qaldırılması üçün müzakirələr aparılır. Aparılan yoxlamalar nəticəsində 3 mindən artıq qanun pozuntusu aşkar edilib. Bu və ya digər məsələlərdə çatışmazlıqlar olub. Çatışmazlıqların 92 faizi aradan qaldırılıb".
Qeyd edək ki, konfransda iştirak etmək üçün BƏT-in Baş direktoru Qay Rayderin ölkəmizə səfərə gəlib. Bu, Azərbaycanın BƏT-ə üzv olduğu dövrdə Təşkilatın Baş direktorunun ölkəmizə ilk səfəridir. Tədbirdə beynəlxalq qurumların, ayrı-ayrı ölkələrin hökumətlərinin, həmkarlar ittifaqlarının və işəgötürənlər təşkilatlarının yüksək səviyyəli nümayəndələri iştirak edir.
Konfrans zamanı “Bakı EXPO 2025” ilə bağlı təqdimatın keçirilməsi də nəzərdə tutulub.
Konfrans çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevlə Rusiya Sənayeçilər və Sahibkarlar ittifaqının prezidenti Aleksandr Şoxin arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.