Serbiya prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Azərbaycanda rəsmi səfərdə olan Serbiya prezidenti Aleksandr Vuçiçin rəsmi qarşılanma mərasimi olub.
APA TV-nin məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Serbiya prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan prezidenti İlham Əliyev Serbiya prezidenti Aleksandr Vuçiçi qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Serbiya Prezidentinə raport verib.
Prezident İlham Əliyev və prezident Aleksandr Vuçiç fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Serbiya prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
Serbiya Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib.
Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri prezident Aleksandr Vuçiçə, Serbiya nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Azərbaycan və Serbiya prezidentləri rəsmi foto çəkdiriblər.
Mayın 21-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Serbiya Respublikasının prezidenti Aleksandr Vuçiç ilə təkbətək görüşü olub.
Görüşdə Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Ölkələrimiz arasındakı əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi. Serbiya Prezidenti Aleksandr Vuçiçin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın inkişafına töhfə verəcəyi diqqətə çatdırıldı.
Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Serbiya Respublikasının prezidenti Aleksandr Vuçiçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.