Gəncədə Cümhuriyyət sərgisi və Dilqəm Əhmədin imza günü keçirilib

Gəncədə “LİBRAFF” kitab mağazasının təşkilatçılığı keçirilən tədbirdə tədqiqatçı-jurnalist Dilqəm Əhmədin “Fərqlilər” və “Mühacirlərin dönüşü” kitabları oxuculara təqdim edilib.

 

APA TV-nin xəbərinə görə, tədqiqatçı oxucuların görüşünə təkcə kitablarla yox, eyni zamanda Türkiyədən topladığı tarixi materiallarla gəlib. “LİBRAFF” kitab mağazaları şəbəkəsinin piar və marketinq direktoru Ülviyyə Allahverdiyeva Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100-cü ildönümü münasibətilə tədbirlər planı hazırlandığını bildirib. O, ilboyu belə tədbirlərin davam edəcəyini söyləyib. Tədbirdə çıxış edən tədqiqatçı-jurnalist Diqləm Əhməd sərgidə nümayiş olunan eksponatlar haqqında məlumat verib:

 

"Mənim bu gün Gəncəyə gətirdiyim materiallar arasında Məhəmməd Əmin Rəsulzadənin 5 ədəd fotoşəkili, üç ədəd Polşadan İstanbula göndərdiyi orijinal və imzalı poçt açıqcası, Əlimərdan bəy Topçubaşovun, Miryaqub bəy Mirmehdiyevin orijinal fotoşəkilləri, Nağı bəy Şeyxzamanlının imzalı kitabı, Rəsulzadənin portreti, Xudadat bəy Rəfibəylinin portretidir ki, bunların hamısını İstanbul şəhərindən əldə etmişik".

 

İmza günündə müəllifin Azərbaycan Cümhuriyyəti və mühacirət tarixi ilə bağlı uzun illər ərzində apardığı araşdırmalar zamanı topladığı orijinal materiallar, nadir foto şəkillər və sənədlər sərgilənib.

 

Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Xəzəngül Hüseynova sərginin və imza gününün keçirilməsini təqdir edib:

"Dilqəm həm eksponatları göstərirdi, həm haqqında danışırdı, onların çoxu bizə məlum idi, ancaq görməmişdik. Çox maraqlı idi. Məsələn, "Azərbaycan" qəzetini gördük, kövrək duyğular keçirdik. Bunlar insanda elə hislər oyadır ki, ifadə etmək olmur. İstər-istəməz biz keçmişə səyahət edirik, ürəyimiz qürur, fərəh hissi ilə dolur".

 

Tədbirdə Türkiyə Cümhuriyyətinin  Gəncə  şəhərindəki Baş  Konsulluğunun, Azərbaycan Yazıçılar Birliyinin Gəncə şöbəsinin, Cümhuriyyət Muzeyinin əməkdaşları, şəhər ictimaiyyəti, ali məktəblərin müəllim və tələbə heyəti , KİV nümayəndələri iştirak ediblər.

 

Cümhuriyyət irsinin tədqiqatçısı, jurnalist Zakir Muradov bildirib ki, Gəncə şəhəri Azərbaycan Cümhuriyyətinin yaranmasın böyük töhfə vermiş şəhərdir:

"Gəncə şəhəri Azərbaycan Cümhuriyyətinin yaranmasın böyük töhfə vermiş şəhərdir. Azərbaycanın müstəqillik ideyası bu şəhərdə təşəkkül tapıb. Sonradan müstəqil cümhuriyyətin qurulması ilə nəticələnib. Ona görə Gəncədə belə tədbirlərin keçirilməsinə diqqət etmək lazımdır. Gənclər o fotolara, cümhuriyyətin simaları ilə bağlı xatirələrə necə maraq göstərirdilər".

 

Dilqəm Əhməd Cümhuriyyət tarixi və topladığı materiallar haqqında oxuculara ətraflı məlumat verərək bildirib ki, Gəncədə Cümhuriyyət sərgisi və imza mərasimi keçirmək həm də mənəvi borcdur: “Gəncə Yusifbəylilərin, Rəfibəylilərin, Şeyxzamanlıların, Ziyadxanlıların, Pişnamazzadələrin, Xasməhəmmədovların yurdudur. Cümhuriyyətimizin qurucularının çoxu bu torpaqda yetişib. Ona görə də burada sərgi və imza günü keçirmək bizim üçün şərəfdir”.

 

Tədbir iştirakçılarından Tariyel Əliyev gənclərin tədbirə böyük maraq göstərdiyinin deyib: "Bu gün mənə görə, Gəncə cümhuriyyətin paytaxtı olduğunu sübut elədi. Xüsusi ilə gənclərin tədbirə olan marağı mən çox sevindirdi. Bu məsələyə diqqət ayırdığına görə, “LİBRAFF” kitab mağazasının rəhbərliyinə təşəkkür edirəm".

 

Araşdırmaçı Ceyhun Nəbi bildirib ki, bu cür tədbirlərin Gəncədə keçirilməsi təqdirəlayiq haldır: "Azərbaycan Cümhuriyyətinin 100 illiyi ərəfəsində Gəncədə belə tədbirin keçirilməsi bizim üçün xoş bir haldır. Çünki Gəncə Azərbaycan istiqlal fikrinin istiqlal məfkurəsinin beşiyi olan bir şəhərdir. 1918-ci il 28 mayda Azərbaycan Cümhuriyyəti elan olunarkən əsas dayaq Gəncə hesab olunurdu. Dilqəm Əhmədi Gəncədə görmək bizim üçün xoşdur. Dilqəm bəyə təşəkkür edirik".

 

Dilqəm Əhməd deyib ki, bu səpkidə tədbirlər davam etdiriləcək: "Cümhuriyyətimizin 100-cü ildönümüdür. Biz də buna görə gənclər üçün tədbir keçiririk, universitetlərə, müxtəlif təşkilatlara gedirik ki, gənclər biliklərini artırsınlar, tarixi daha yaxından duysunlar".

 

Qeyd edək ki, Azərbaycan mühacirət tarixinin tədqiqatçısı Dilqəm Əhmədin 4 ildə Türkiyədə bu dövrə aid topladığı materiallar - fotolar, sənədlər “TEAS PRESS” Nəşriyyat Evi tərəfindən “Fərqlilər” (2015) və “Mühacirlərin dönüşü” (2017) adı ilə çap olunub. Müəllifin yaxın vaxtlarda "Bir ildən, yüz ilə" (Mühacirlərin dönüşü -2) və Əhməd bəy Ağaoğlu haqqında kitabları çap olunacaq.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı