Qardaşı qızının əvvəllər gəlin olduğu evdən qızıl oğurladı
Gəncə sakininin evindən qızıl-zinət əşyaları oğurlanıb. Polis araşdırması zamanı oğrunun həmin mənzildə əvvəllər gəlin olan şəxsin əmisi olduğu üzə çıxıb.
Nofəl Məhərrəmov qardaşı qızının müalicəyə ehtiyacı olduğunu deyir:
"Qardaşım qızının keçmiş həyat yoldaşı qızın qızıllarını vermirdi. Qardaşım qızının uşağını müalicə etmək üçün ehtiyacı var idi. Qız bilirdi qızıllar oradadır. Mən də ona görə məcbur olub qızılları oğurladım ki, satıb uşaqlarını müalicə etdirsin".
Amma əvvəllər məhkumluq həyatı yaşayan 45 yaşlı Nofəl Məhərrəmov əldə etdiyi qızılları qardaşı qızı Mahnurə Məhərrəmovaya çatdırmağa macal tapmayıb.
Əməliyyat axtarış tədbirləri ilə Nofəl Məhərrəmov tutulub və maddi sübutlar ondan götürülüb.
Saxlanılan şəxs qızılları asanlıqla tapdığını deyib:
"Darvazadan girdim. Baxdım ki servantın qarşısında qızıl var. Onu götürüb çıxdım".
Nofəl Məhərrəmovun istintaqa verdiyi ifadənin doğruluğunu müəyyən etmək üçün qardaşı qızı Mahnurə Məhərrəmovanın da izahatı alınıb. Faktla bağlı araşdırma davam edir.