Bakıda kafedə partlayış: 2 ölü, 2 yaralı - HADİSƏ YERİNDƏN

Paytaxtdakı kafelərdən birində partlayış olub.

 

Hadisə Əhməd Rəcəbli küçəsi, 304 ünvanında qeydə alınıb. İlkin məlumata görə, bu ərazidə yerləşən kafedə partlayış baş verib. Bildirilir ki, hadisə nəticəsində ölən və xəsarət alan var.

 

Hadisə yerinə yanğınsöndürmə briqadaları və təcili yardım avtomobilləri, habelə polis və prokurorluq orqanlarının əməkdaşları gəlib.

 

Mətbuat nümayəndələrinə əraziyə daxil olmağa icazə verilməyib.

 

Əraziyə baxış zamanı şəxsiyyəti məlum olmayan, yanmış qadın və kişi meyiti aşkarlanıb. Bundan əlavə, yanıq xəsarətləri alan iki nəfər - 44 yaşlı İbrahimov Natiq Zahid oğlu və 53 yaşlı İbrahimova Şəkər Xosrov qızı Respublika Yanıq Mərkəzinə yerləşdiriliblər.

 

Fövqəladə Hallar Nazirliyi də baş vermiş hadisə barədə məlumat yayıb.

 

Məlumatda  qeyd olunur ki, Binəqədi rayonunda ümumi sahəsi 25 kvadratmetr olan və  çayxana kimi fəaliyyət göstərən tikilinin içərisində propan qaz balonu partlayıb. Nəticədə tikilinin yanar konstruksiyaları yanıb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Fərid Rəsulov