Hacıqabul sakininin evindən oğurluq edən şəxs saxlandı

Hacıqabulda  həmkəndlisinin evindən oğurluq edən şəxs saxlanılıb. APA TV-nin Mil-Muğan bürosunun  məlumatına görə, aprelin 20-də Hacıqabul rayonu Meyniman kənd sakini Nüsrət Nəsirov rayon polis şöbəsinə ərizə ilə müraciət edərək yaşadığı evdən qızıl-zinət və məişət əşyalarının oğurlanması barədə məlumat verib.

Məlumatla əlaqədar Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerində olub, müvafiq əməliyyat-axtarış tədbirləri keçiriblər. Araşdırmalarla evdən ümumi dəyəri 4000 manat olan qızıl-zinət əşyalarının və 100 manat dəyərində məişət avadanlıqlarının oğurlandığı müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Hacıqabul rayonu Meyniman kənd sakini, 26 yaşlı Rövşən Hümbətov saxlanılıb. Dindirilmə zamanı Rövşən Hümbətov törətdiyi cinayəti etiraf edib. Oğurladığı əşyaların hamısı ondan maddi sübut kimi götürülüb.

Faktla əlaqədar olaraq Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı