Eskalatordan istifadə edərkən ləngiməyin! - REPORTAJ

Hərəkətli pilləkənlər və ya  eskalatorlar... Metronu onlarsız təsəvvür etmək  qeyri-mümkündür. Gündəlik ictimai nəqliyyatdan tez-tez istifadə edənlər üçün eskalatorları əvəzsiz nəqliyyat xidməti növü adlandırsam, yəqin ki,  yanılmaram. Evimizə gedən  yol  dolayısı ilə eskalatorlardan keçir desəm,  mübaliğə etmiş sayılmaram.

İnsanları " yer altı dünyaya" aparan  hərəkətli pilləkənlər ilk görünüşdən sadə mexanizm  ilə çalışırmış təsəvvürü yaratsa da, əslində böyük işçi qüvvəsi hesabına çalışır.

Bura eskalator stansiyasının maşın zalıdır. Eskalatorların idarə olunması, işə salınması,  həmçinin onlar üzərində bütün texniki nəzarət buradan həyata keçirilir. 

Eskalator xidmətinin baş mühəndisi Vasif  Dadaşov deyir ki, əslində pilləkənlər ciddi mexanizmlərin sistemli hərəkəti sayəsində "yeriyir":

"İlkin görünüşdə gördükləriniz pillələrdir, dartı zəncirləridir, gediş yollarıdır. Və eskalatorların dövri olaraq hərəkətdə olmasını görürsünüz. Gördüyünüz kimi hazırda əsas mühərrik vasitəsilə işləyir və sürətli reduktur və ötürmə edir"...

Metropolitendə eskalatorlar keçidlərdə  və tunellərdə  quraşdırılır.

"Qalxma hündürlüyü 4 metr olan stansiyalardan başlayaraq yuxarı istiqamətdə sərnişinlərin daşınması  üçün eskalatorlar olur. Qalxma hündürlüyü 5 metrdən yüksək olduqda  isə həm yuxarı,  həm də aşağı istiqamətdə eskalatorlar quraşdırılır. Metropolitenin keçidlərində isə 5,5 metrdən yüksək hündürlüklərdə eskalatorların quraşdırılması  nəzərdə tutulur".

Eskalatorlara metropolitenin daxilində yaradılmış eskalator xidməti nəzarət edir. Eskalatorlar gündəlik daimi olaraq  tənzimlənir. Eskalatorlardan biri  hər zaman  işləməyə hazır vəziyyətdə ehtiyatda saxlanılır. Digər aşağı və yuxarı istiqamətdə hərəkətdə olan  iki eskalator isə sərnişinlərin ixtiyarına verilir. İşlək eskalatorların dayandırılması da növbə ilə aparılır.  Bu zaman texniki qulluq cədvəlinə uyğun olaraq eskalatorlara baxış keçirilir.

Bakı Metropolitenində  SSRİ dövründə istehsal olunmuş eskalatorlarla yanaşı, Almaniya istehsalı eskalatorlardan da istifadə olunur.

"Bura Almaniya istehsalı eskalatorların maşın zalıdır. Bu eskalatorların sovet istehsalı eskalatorlarından fərqli cəhəti ondan  ibarətdir ki, bu eskalatorlar, sərnişin daşınmasında daha müasir və daha keyfiyyətli  standartlara cavab verirlər.  Və burda gördüyünüz bütün proseslər avtomatlaşdırılmış qaydada həyata keçirilir.  Hətta eskalatorların dartı zəncirlərinin yağlanma prosesi də gördüyünüz yağlanma qutusu vasitəsilə avtomatlaşdırılmış formada icra edilir".

Parametrlərinə görə, Bakı  Metropolitenində ən uzun eskalator Şah İsmayıl Xətai stansiyasında yerləşir. Bakı Metropolitenin  bəzi stansiyalarında  eskalatorlarla  yanaşı,  həm də  pilləkənlərdən də istifadə olunur.

Bakı Metropoliteninin mətbuat katibi Nəsimi Paşayev stansiyaların müəyyən fərqlərə görə təsnifatlandığını deyib:

"Bizdə dayaz özüllü və dərin özüllü stansiyalar var. Məsələn "Gənclik" stansiyası dayaz özüllü stansiyadır. Orada pilləkənlərdən istifadə olunur, eskalatorlara ehtiyac yoxdur. Amma "28 May",  "Elmlər Akademiyası", "Sahil", "İçərişəhər" stansiyaları dərin özüllü stansiyalar adlanır və onlarda eskalatorlardan istifadə olunur" .

"Demək olar ki, hər gün eskalatorlardan istifadə edirik. Tez-tez xəbərdarlıq anonsu eşitməyimizə baxmayaraq, yenə də təhlükəsizlik qaydalarına əməl etmirik".

Eskalatorlar həm də davranış qaydalarının ən çox pozulduğu yerdir. İnsanlar qaydalara  bəzən bilmədən, bəzən də bilərəkdən tabe olmurlar. 

Qurumun mətbuat katibi bildirir ki, bəzən eskalatorda  sərnişinləri qorxuya salan ani narahatlıqlar yaranır. Bunu da çox vaxt elə sərnişinlərin özləri ya qəsdən, ya da ehtiyatsızlıqdan törədirlər.

"Sürahinin üzərinə əşya qoymaq olmaz. İnzibati Xətalar Məcəlləsinə əsasən, sürahinin üzərinə əşya qoymağa görə cərimə nəzərdə tutulur. Gördüyünüz kimi bu rezindir. Əgər bunun üzərinə ağırlıq düşərsə, eskalatorun hərəkəti tamamilə dayanır. Və ən çox rastlaşdığımız hal fırçalardır. Sərnişinlər bu fırçalardan ayaqqabılarını təmizləmək üçün istifadə edirlər, amma bu onun üçün deyil. Divarla eskalatorların pillələri arasında müəyyən bir boşluq var. Bu boşluq hər hansı kənar bir əşyanın düşüb eskalatorun pilləsini zədələməməsi üçündür". 

İctimai nəqliyyat növlərindən asılı olmayaraq, hər zaman, hər yerdə  qaydalara əməl olunmalıdır. Nə özümüzü, nə də digər insanları təhlükə altında qoyacaq hərəkətlər etməməliyik.  Keçid üçün sol tərəfi boş saxlamaq  da elə davranışlarımızı nəzarətdə saxlamaqdan başlayır.

Müəllif | Apa.Tv
Leyla Behbudlu