Venesuela embarqo təhlükəsi qarşısında - NEFT SÜRƏTLƏ BAHALAŞIR
Birləşmiş Ştatların Venesuelaya qarşı sanksiyalar tətbiq etmək ehtimalı neftin qiymətini yenidən bahalaşdırıb. APA TV-nin məlumatına görə, Venesuelada prezident seçkilərinin nəticələrini tanımayan ABŞ dünyanın ən çox neft ehtiyatlarına malik ölkəsini sanksiyalarla hədələyir.
Bu hədələrdən sonra birjalarda "Brent" markalı neftin qiyməti rekord həddə - 79,44 dollara qalxıb və qiymət artımı davam etməkdədir. Qərbi Texas nefti isə uzun müddətdən sonra ilk dəfə 72 dollar həddini keçib. Hazırda WTI markası 72,56 dollardan satılır.
Qeyd edək ki, dünən ABŞ prezidenti Donald Tramp ölkə vətəndaşlarına Venesuela hökumətinin qiymətli kağızları və hökumətə bağlı şirkətlərlə ticarəti qadağan edib. Bu səbəbdən Venesuelaya neft embarqosu tətbiq ediləcəyi də istisna olunmur.
Bu gün Amerika Neft İnstitutu ölkənin neft ehtiyatlarının həcminə dair növbəti proqnoz xarakterli hesabatı açıqlayacaq. Bu hesabatın qiymətlərə ciddi təsir göstərəcəyi gözlənilir. Ekspertlərin fikrincə, bu həftə ABŞ-ın neft ehtiyatlarının həcmi əhəmiyyətli dərəcədə azalsa, neftin qiyməti 80 dollarlıq psixoloji həddi keçə bilər.