ABŞ İrana 12 şərt qoydu - TEHRANDAN CAVAB

"İranın bölgədəki mənfi təsirlərinə qarşı lazımı addımlar atılacaq".

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, bunu Pentaqon sözçüsü, polkovnik Rob Menning ABŞ dövlət katibi Mayk Pompeonun İran şərtlərini şərh edərkən bildirib.

 

Dövlət katibinin açıqlamaları fonunda Pentaqonun atacağı addımlar barədə danışan R. Menning deyib ki, ABŞ dəfələrlə İranın bölgədəki neqativ addımlarının faydasız olması barədə xəbərdarlıq edib: "İran bölgədə suverenlikləri pozan bir qüvvədir. Spesifik addımlar barədə danışmayaq, amma İranın bölgədəki pozuculuq fəaliyyətinin qarşısını almaq üçün əlimizdən gələni edəcəyik".

 

Bununla belə qurum rəsmisi İranın Suriyadakı addımlarına qarşı görüləcək tədbirlərlə bağlı sualdan yayınıb.

 

Xatırladaq ki, bir qədər əvvəl dövlət katibi Mayk Pompeo İranla bağlı ölkəsinin 12 şərtini açıqlayıb. Onların arasında nüvə silahı istehsalının dayandırılması,  uranın zənginləşdirilməsindən imtina, həbsdə olan ABŞ vətəndaşlarının azad edilməsi, İraqın ərazi bütövlüyünə hörmət, husilərə dəstəyə son qoyulması da daxildir.

 

Bu arada dövlət katibinə İranın cavabı gecikməyib. Ölkənin Xarici İşlər Nazirliyindən bildirilib ki, bu tipli açıqlamalar daxili işlərə müdaxilə və BMT üzvü olan dövlətə qarşı təhdid xarakterlidir.

 

Qurumdan həmçinin analoji hərəkətlər səbəbindən rəsmi Tehranın məhkəməyə müraciət etmək hüququnu özündə saxladığı açıqlanıb .

 

Nazirliyin açıqlamasında bölgədə gərginliyin daha da artacağı təqdirdə, bununla bağlı bütün məsuliyyəti ABŞ tərəfinin daşıyacağı da qeyd edilib.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov