Su borcunuzu özünüz hesablaya biləcəksiniz - YENİLİK
"Azərsu" ASC 12-ci elektron xidməti abonentlərin istifadəsinə verib. Qurumun mətbuat xidməti şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib ki, abunəçi sayğacın üzərindəki göstəricini sistemə yükləyərək borcunu hesablaya biləcək.
"Bu xidmət bizim abonentlər üçün daha vacib elektron xidmətlərdən biridir. Son illərdə 3 mindən çox yaşayış binasında su sayğacları mənzillərin daxilindən çölə çıxarılıb. Bizim mexaniki su sayğaclarının əksəriyyəti mənzillərin daxilində yerləşir. Bu isə borcun hesablanması ilə bağlı bir sıra problemlər yaradırdı. Bu və ya digər səbəblərdən nəzarətçi sayğacın göstəricisini öyrənə bilmirdi. Yeni elektron xidmət bu problemləri aradan qaldıracaq. Abonent sadəcə abonent kodu, sayğacın nömrəsi, plombun nömrəsini daxil etməklə sayğacın şəklini göndərməklə borcunu öyrənə və ödəyə biləcək".
Anar Cəbrayıllı əlavə edib ki, "Azərsu" elektron xidmətlərin göstərilməsi ilə bağlı dövlət qurumları arasında 5-ci yeri tutur. O qeyd edib ki, elektron xidmətlərə müraciətlərin sayı 2017-ci ildə 11 xidmət növü üzrə 350 minə yaxın olub.
"Azərsu" ASC-nin İnformasiya və Kommunikasiya Texnologiyaları Departamentinin rəisi Emil Əhmədov deyib ki, sayta daxil olaraq abonent istifadəçi təlimatını yükləyə və ya "Azərsu" vasitəsilə "12-ci elektron xidmətdən istifadə edə bilər.
"Abonent bu xidmət vasitəsi ilə "Azərsu" ASC-yə sualları ünvanlaya, o cümlədən, "Çağrı Mərkəzi"nə müraciət edə bilər. "Müraciət ən gec 5 iş günü ərzində cavablandırılır".
Qeyd edək ki, bu il ərzində "Azərsu" ASC daha 5 elektron xidmət istifadəyə verməyi planlaşdırır.